“Əgər mən bu gün uşaqlarım üçün təkbaşıma mücadilə edəcəkdimsə, niyə həyat yoldaşım hamı üçün canından keçirdi?!”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri şəhid mayor Rahib Babayevin həyat yoldaşı Aygün Babayeva özünün sosial şəbəkə hesabında yazıb.
O, Prezident İlham Əliyevə müraciət edib və dövlət qurumlarına ünvanladığı məktublara baxılmadığını bildirib:
“Rahib şəhid olanda Əli 1 yaş 8 aylıq idi, danışa bilmirdi heç. Böyüdükcə gözünün 1-nin də görmədiyini öyrəndim. Bu gün Əli üçün döydüyüm dövlət qapıları bizim üzümüzə bağlanacaqdısa, niyə mənim körpəm atasız qaldı onda. Siz şəhid övladlarına bu cürmü dəstək olursunuz? Ən çox elə bu körpə uşaqların yaxşı məktəblərdə, baxçalarda oxumaq haqqı var. Axı bizi dövlətə əmanət edib həyat yoldaşım. Biz bu qədər kasıb dövlətdə yaşayırıq ki, bir uşağın təhsil haqqını qarşılaya bilmir?
Axı ən önəmli, vacib təhsil idi. İndi nə oldu, daha 1 il keçdi deyə uşaqların atası geri qayıtdı ki, baxmırsınız? Artıq buradan müraciət edirəm dövlət başçısına. Çünki məktublarımıza baxılmır. Qəbullarda da bizi yola verirlər. İş istəyirik, vermirlər, ev istəyirik, vermirlər. Uşağımı baxçaya yazdırmışam, onun da ödənişini heç bir dövlət qurumu həll etmir. Nə edək indi biz?”.
Qeyd edək ki, mayor Rahib Babayev düşmənin atdığı artilleriya mərmisindən ağır yaralanıb və şəhid olub. Oktyabrın 2-də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medallarıyla təltif olunub.