“Sökdükləri ev mənim mülküm idi, bunu niyə şəhid ailəsinə qayğı kimi təqdim edirlər?”
“1988-ci ilin dekabrında Yevlaxda Nizami küçəsində ikiotaqlı ev aldıq. Həyat yoldaşım Rəhnimati Məmməd Birinci Qarabağ müharibəsində şəhid olandan sonra ev mənim mülkiyyətimə keçdi. 2008-ci ildə keçmiş icra başçısı Elmar Vəliyevin dövründə icradan gəlib, dedilər ki, ərazi plana düşüb və sökdülər. Əvəzində isə bizi aldadıb, şəhidlər üçün nəzərdə tutulan ikiotaqlı mənzil verdilər”.
Bunu Meydan TV-yə Yevlax sakini Nəcibə Hacıyeva deyir.
Vətəndaşın sözlərinə görə, 2008-ci ildə həmin ərazidə olan iki bina plana salınaraq sökülüb.
Onun mənzilin əvəzinə isə şəhid ailələri üçün tikilən binadan ev verilib: “Təxminən 80-90 kvadratmetrlik evimi sökdülər. İcradan dedilər ki, Kürün qırağında şəhid ailələrinə, əlillərə ev tikirlər. Oradan sənə ev verəcəyik. Razılaşmadım, dedim ki, evimin yerində bina tikirsiniz, elə oradan da ev verin. Sözlərimə əhəmiyyət verən olmadı. Evimiz söküldü. Birinin yerində dördmərtəbəli yeni bina inşa edildi. Balaca ərazi qalmışdı, oranı da məktəbin yaşıllaşdırmasına verdilər”.
Nəcibə Hacıyeva iddia edir ki, razılaşmasa da, ona şəhid ailələri üçün nəzərdə tutulan binadan ikiotaqlı mənzil verilib: “Sənədə yazıblar ki, şəhid ailəsi üçün verilir. İcra hakimiyyətinin nə səlahiyyəti var ki, kağıza şəhid ailəsinə ev versin? Sökdükləri ev mənim mülküm idi. Onun əvəzinə şəhid ailəsi üçün nəzərdə tutulan binadan ev verib. Bunu niyə şəhid ailəsinə qayğı kimi təqdim etmək istəyirlər? Bir il öncə ev növbəsinə durmaq üçün Yasamal Rayon İcra Hakimiyyətinə getdim. Məni qəbul edən adam ad-soyadımı sistemə vurdu və dedi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənə bir dəfə ev verib. İkinci dəfə sənə ev verə bilmərəm. Dedim ki, həmin ev mənim özümünküdür”.
“İcra Hakimiyyəti tərəfindən sənədə yazılıb ki, şəhid ailəsidir. Növbədənkənar siyahıya salınaraq evlə təmin edilib. Mən heç icra hakimiyyətinədə ərizə yazıb, növbəyə də durmamışam. Yalandan məni aldadıb, evi ora salıb. Dedim ki, onda həmin evi mənim şəxsi mülkiyyətimə salın. Təkrar şəhid ailəsi kimi ev növbəsinə dayanım. Yeddi nəfər ailə ikiotaqlı evdə yaşayırıq. Mənim evimi verin. Yevlax İcra Hakimiyyətindən Şəki İnzibati Məhkəməsinə şikayət etmişəm. Avqust ayında məhkəməmizdir. Ümid edirəm ki, məhkəmə ədalətli qərar çıxaracaq”, – deyə o bildirib.
Yevlax Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Vidadi Murtuzayev Meydan TV-yə deyib ki, mənzil verilərkən vətəndaşın özü ilə razılaşdırılıb: “Nəcibə Hacıyevanın evini sökəndə həmin vaxt Yevlaxda şəhid ailələri üçün nəzərdə tutulan binanın tikinti işləri yekunlaşmaq üzrə olub. Vətəndaşın da həmin evə növbəsi yoxmuş. İcra Hakimiyyəti vətəndaşa təklif edib ki, sizi növbədənkənar siyahıya salaq. Həm şəhid ailəsi olaraq ev verilsin. Həm də sökülən evinizin kvadratı da bura əlavə edilsin”.
“Nəcibə Hacıyeva razılaşandan sonra icra hakimiyyəti nazirliklə danışıb. Nəcibə Hacıyevaya öz razılığı əsasında növbədənkənar ev verilib. Yəni ona verilən evin kvadratı əvvəlki evindən də böyükdür. Hazırda iş məhkəmədədir. Məhkəmə qərarını gözləyirik”, – deyə o qeyd edib.