Ukraynadakı vəzifəsinə qayıtmayan SƏFİRİMİZ Brilliant Dadaşovanın KONSERTİNDƏ - FOTOFAKT

 02-06-2022

Xəbər verildiyi kimi ötən gün Bakıda Xalq artisti Brilliant Dadaşovanın Heydər Əliyev sarayında "Ürəklə sizinlə" adlı konsert proqramı baş tutub.

Konsert proqramına çoxdandır görünməyən Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova da qatılıb. 

Səfirimiz Bizim.Media-nın kameralarına tuş gəlib. 

Qeyd edək ki, Ukraynada müharibə başladıqdan sonra dövlətimizin ali təmsilçisi kimi vəzifə məsuliyyətindən kənar addım ataraq postunu qoyub ölkəsinə gələn Azərbaycan səfiri hələ də bu addımına görə ictimaiyyətdə sərt tənqid olunur.

Üstəlik savaş meydanında hər an ölümlə çarpışan Azərbaycan vətəndaşları olduğu halda Elmira Axundovanın soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi də sərt şəkildə qınanılır. 

Səfirimiz hələ də Ukraynadakı vəzifəsinə qayıtmayıb.

Məlumat üçün bildirək ki, Elmira Axundova iki ildir ki, Ukraynada səfir postunu idarə edir. Bu müddətdə xanım səfirin adı nəinki ölkəmizin nüfuzunu qaldıracaq hadisələrdə hallanıb, əksinə o, barəsində yayılan xoşagəlməz informasiyalarla yadda qalıb.

Gah bahalı avtomobillərinə görə, gah Ukraynada yol hərəkəti qaydasını kobud şəkildə pozduğuna görə, gah da kommersiya məsələlərinə görə gündəmə gəlib.


Məsələ ilə bağlı “Qafqazinfo” Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın bu barədə mövqeyini öyrənib. 

Xanım səfir qeyd edib ki, sosial şəbəkədə yazılanları oxumur: “Çünki sosial şəbəkələrdə adətən ədalətsiz və qərəzli məlumatlar paylaşılır. Özü də şəbəkələr çox ağır söyüşlərlə doludur. Bu qəbuledilməzdir ”.

Elmira Axundovanın sözlərinə görə artıq 3 aya yaxındır ki, o və bir neçə əməkdaşı Bakıdadır:  “Əməkdaşlarımız rotasiya qaydasında Ukraynadakı səfirliyimizdə işləyir. Mən bütün məsələləri rəhbərliklə əlaqələndirirəm. Bir neçə dəfə rəhbərliyə müraciət etmişəm ki, mən – yəni səfir başda olmaqla bütün heyət Ukraynaya qayıtmağa, orada işləməyə hazırıq. Mən özüm bu gün də, sabah da Ukraynaya getməyə hazıram.

Lakin rəhbərliyin münasibəti başqadır. Ukraynada müharibə davam etdiyindən, təhlükəsizliklə bağlı suallar olduğundan rəhbərlik hələ ki, səfirliyin qadın əməkdaşlarını bu ölkəyə göndərmir. Ukraynada səfirlikdə üç nəfər qadın əməkdaş var. Mən, mənim köməkçim və üçüncü katib. Bizə deyirlər ki, siz hələ Azərbaycanda qalın. Kişi əməkdaşlarımız isə öz ailələri, arvad-uşaqlarını Bakıda qoymaq şərti ilə rotasiya qaydasında Kiyevdə işləyirlər”.

O vurğulayıb ki, Bakıda olan əməkdaşlar iş başındadır, onlar rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirirlər.

“Mən iki dəfə səfirlik adından Ukraynaya humanitar yardım göndərmişəm – Dnepr və Xarkov şəhərlərinə. Görün sosial şəbəkələrdə qışqıran, Ukraynanı çox istəyənlər bu ölkəyə bir kq humanitar yardım, bir dollar göndərib? Mən Ukraynada yaşayan soydaşlarıma kömək edirəm və etməyə davam edəcəyəm.

Ukraynaya 30 ton humanitar yardım göndərmişik. İrpen şəhərindəki Zərifə Əliyeva adına məktəbin təmiri ilə məşğuluq, bir çox başqa vacib işlərlə - analitik yazılar, press-relizlər, vətəndaşlara kömək. Ona görə də mənim konsertə gedib-getməməyin heç bir mənası yoxdur. Getmişəm, yaxşı etmişəm”. 

Bənzər yazılar

0.24804878234863