İtkin düşən şəxsin atası Hindistanda nazirliklərdən birində yüksək vəzifədə çalışır. O, ərazidə axtarış edən şəxslərə oğlu tapılarsa, pul mükafatı vəd edib.
K.Manikathın atası və qardaşı da axtarışlara qoşulublar.
Zaqatala rayonunda itkin düşən turistin axtarışları barədə bəzi detallar məlum olub.
Rayonda itkin düşən Hindistan Respublikası vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikath adlı şəxsin atası və qardaşı 4 gün əvvəl Zaqatalaya gəliblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu yaydığı məlumatda bildirilir ki, Zaqatala rayonunda itkin düşən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın axtarışları davam etdirilir.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularından, Rayon Polis Şöbəsinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti strukturunun əməkdaşlarından ibarət qruplarla yanaşı, ərazini tanıyan yerli sakinlər, alpinistlər və dronlar da axtarışlara cəlb olunublar: “Hazırda çətin relyefli dağlıq ərazilərdə itkin düşən şəxsin tapılması istiqamətində bütün zəruri tədbirlər görülür”.
Xatırladaq ki, mayın 17-də DİN-in “102” Zəng Mərkəzinə turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı, 1993-cü il təvəllüdlü Kondaveeti Manikathın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Müraciət əsasında aparılan ilkin araşdırma zamanı onun Zaqatalada qaldığı hoteli mayın 12-də tərk etdiyi və Car kəndinin çətin relyefə malik yüksək dağlıq ərazisinə getdiyi müəyyən olunub.