Nazir Sahil Babayevin qəbuluna yazılmağa Vüqar Behbudovdan icazə alınmalıdır?! - ŞOK İDDİA

 01-06-2022

Sosial Xidmətlər Agentliyinin (SXA) 1-ci dərəcəli Qarabağ qazisinə xidmətdən , burdan – bura Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicəsini təşkil etməkdən  imtina etməsinə,  qərəzlə dövlətin adından çıxarılan 20.06.2016-cı il tarixli 2-1 (81)-1095/16 saylı Bakı İnzibati Məhkəməsinin  qərarını,  Prezidentin 20.06.2014 tarixli 569 saylı sərəncamını icra etməməsinə hüquq qiyməti verilmir.

Ali dövlət hakimiyyəti orqanlarına şikayətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  (ƏƏSMN) rəhbərliyinə , oradan da barəsində şikayət edilən  SXA rəhbərliyinə göndərilir və çevrə qapanır. Bu sətirlərin yazarı 2019-cu ilin 17 oktyabrında Milli Məclisinin sədr müavininin qəbulunda olanda birbaşa nazir Sahil Babayev ilə əlaqə saxlanılıb və elə həmin gün nazirin göstərişi ilə DSMF-in sosial proqramlar sektorundan Rövizə Behbudova çağırıb Nizami rayonu, Çobanzadə küçəsində tikilən evdən mənzil ayrılacağına  ərizə alıb.

Lakin 24.12.2019-cu ildə sözügedən evin açılışı olub və... mənzillər rüşvətlə bölündüyündən 2 əlil elmi işçisi, on nəfərlik dörd ayrı ailədən ibarət ailə   məhkəmə qərarı olduğu halda,  Prezident sərəncamı əsasında 2018-ci ilə kimi mənzillə təmin olunmaq hüququ olduğu halda, hələ də mənzilsizdir.

Borclu Sosial Xidmətlər Agentliyi Bakı İnzibati Məhkəməsi və baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi ilə də qeyri-prosessual münasibətə girərək,  dövlətin adından çıxarılan məhkəmə qərarının icrasına qadağa qoyub. Bakı İnzibati Məhkəməsi sosial xidmətdən imtinaya hüquqi qiymət verilməsi və təcili Naxçıvan “Duzdağ” fizioterapiya mərkəzində müalicənin təşkil edilməsi haqqında iddianı da 6 aylıq süründürməçilikdən sonra mümkün saymayıb.

Təsəvvür edin, 1-ci dərəcəli Qarabağ qazisi təcili müalicəsinin təşkil edilməsini tələb edir, məhkəmə 3 ay sonraya mümkünlük iclası təyin edir və daha 3 ay sonra iddianı, yəni müalicəni  mümkün saymır! (?) Hakimin adının Nəriman Abıyev, yaxud Rüstəm Kərimli olmasının nə anlamı var? Anlam odur ki, məhkəmə hakimiyyəti icra hakimiyyətinin qeyri-prosessual sifarişi ilə İNSAN HÜQUQUNA, QARABAĞ QAZİSİNİN MÜALİCƏ HÜQUQUNA QADAĞA QOYUB! (?)

Ötən gündən başlayaraq  ƏƏSM naziri Sahil Babayevin qəbuluna yazılmaq çabamız da məntiqi sonucla  yekunlaşmadı.  142 çağrı mərkəzindən, nazirin qəbul otağından  (5965034) qəbul məsələsinə 5965035 nömrəsinin “baxdığını” dedilər. Bu nömrədən isə iki gün ərzində yalnız Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudovun qəbulundan keçməklə nazirin qəbuluna yazılmağın mümkün olduğunu dedilər.

Ha Konstitusiyanı, “Vətəndaşların müraciətləri haqqında” qanunu anlatsaq da, Vüqar Behbudovun və ya müavini Zaur İbrahimovun “icazəsi” olmadan nazirə bu məmurlardan şikayət etmək hüququmuzun olmadığı kəsinliklə diqqətə çatdırıldı. Belə diqqətdən incisək də, neyləmək olar? Heç demə, Vüqar Behbudov, Zaur İbrahimov nazirdən də , qanundan da, Konstitusiyadan da üstün imişlər!

Məğrur BƏDƏLSOY

Bənzər yazılar

0.59467315673828