Sabirabadda məktəbli qızın ərə verildiyi iddia edilir.
MillətinSəsi.info xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məlumat yayıb.
O bildirib ki, qız evində toy ötən gün – mayın 31-də baş tutub və növbəti 2 həftə ərzində də oğlan evində toy olacaq:
“Bu gün nə günüdür?
Hə, uşaqların müdafiə günü,özü də beynəlxalq ...
Dünən müdafiə günü olmadığından Sabirabad rayonu Qəzli kəndində 9-cu sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq və o da müdafiə gününə təsadüf etməyəcək. Qızın adını yazmayacam, ananın adı isə Zöhrədir...
Yəni dediyim odur ki, toyu olan uşağın bayramı "mübarək"!!!”
Daxili İşlər Nazirliyi (DİN) Sabirabad rayonunda IX sinif şagirdinə toy edilməsinə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən bütün tədbirlər icra olunur və digər dövlət qurumları məlumatlandırılıb.
"Yeniyetmənin valideynləri də polis şöbəsinə dəvət olunaraq, qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırıb. Həmçinin yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq", - qurumdan bildirilib.