Azyaşlılarla dilənənləri görəndə NƏ ETMƏLİYİK?

 31-05-2022

Paytaxt Bakıda demək olar ki, hər gün azyaşlılarla birlikdə dilənən şəxslər və ya dilənçiliyə məcbur edilən uşaqlar görmək mümkündür. Bir çoxları belə hallarda həmin azyaşlılara kömək etmək, onların bu vəziyyətdən xilas olması üçün nəsə etmək isətəsə də, tam olaraq hansı addımı atmalı olduğunu bilmir. Bəs görəsən belə hallarla qarşılaşdıqda nə etməliyik?

Azərbaycan Uşaqlar Birliyi – Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə Yeniavaz.com-a bildirib ki, belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına məlumat vermək lazımdır.

“Belə hallarla qarşılaşdıqda 102 xidmətinə məlumat vermək lazımdır. Dilənçiliyə sövq etmə inzibati məsuliyyət daşıyır. Uşaqları dilənçiliyə məcbur edirlərsə, burada insan alveri faktı da var”.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bu barədə saytımıza danışarkən bildirib ki, sosial xidmətlərdən imtina edən belə valideynlər məsuliyyətə cəlb edilməlidirlər:

“Məsələnin bir tərəfi odur ki, onlar bunu özlərinə peşə kimi seçirlər və bəzən təklif edilən köməkdən də imtina edirlər. Məcburiyyət lazımdır, onlar məcburi cəlb edilməlidirlər. İndi dövlətin belə bir srategiyası var. Xidmətdən imtina edirsə məsuliyyətə cəlb etmə məsələsini qaldırmaq lazımdır. Uşaqların küçədə saxlanması, dilənçiliyə məcbur edilməsi cinayət məsuliyyətidir. Bir var adamın sosial problemi olsun, bir də var ki, sosial xidmət təklifi alırsan, amma onu qəbul etmirsən və imtina edirsən. Mənə elə gəlir ki, burada məsuliyyətə cəlb etmə məsələsini ortaya qoymaq lazımdır ki, onlar o uşaqları küçələrdə dilənməyə vadar eləməsinlər”.

M. Zeynalova bildirib ki, bunu ənənə halına gətirənlər üçün məcburi reabilitasiya proqramları həyata keçirilməlidir:

“Bunların bəziləri qaraçılardır və bunu ənənəyə çeviriblər. Əslində belə bir ənənə yoxdur ki, kimsə dilənçilik etməlidir. Amma yavaş-yavaş adaptasiya eləmək lazımdır və məcburi reabilitasiya proqramları olmalıdır. Reabilitasiya könüllü olur, amma bunlarda o davranışı dəyişmək üçün məcburi reabilitasiya proqramları həyata keçirmək lazımdır. Uşaqlar verilən tərbiyəni götürür. Ona görə də onları məcburi reabilitasiyaya aparsalar, məhdudlaşdırsalar, bu hal düzələr. Məcburi reabilitasiyada davranışını dəyişənə qədər belə valideynlər məhdudlaşdırılır”.

Müsahibimiz deyib ki, hüquq-mühafizə orqanları zaman-zaman belə hallarla bağlı reydlər keçirir, lakin valideynlik hüququndan məhrumetmə məsələsində bəzi nüanslar konkretləşdirilmədiyi üçün belə hallar qalmaqda davam edir:

“Tədbir görülür, zaman-zaman reydlər də keçirilir, onlar öz rayonlarına da aparılıb təhvil verilir. Bir var ki, başqası qazanc məqsədilə uşağı istismar edir, bir də var, uşağın öz valideyni bunu edir. Əgər başqası tərəfindən istismar elementləri olsa onda burada cinayət məsuliyyəti var. Valideynlik hüququndan məhrumetmədə isə bir az humanistlik var, bu məsələlər konkretləşməlidir”.

Bənzər yazılar

0.3280930519104