Gədəbəydə qətlə yetirilən şəxs kafenin ofisiantı olub - TƏFƏRRÜAT

 30-05-2023

Gədəbəy rayonunun Novosaratovka kəndində baş vermiş qətlin təfərrüatları məlum olub.

“Report”un məlumatına görə, hadisə kənd ərazisində fəaliyyət göstərən kafelərin birində qeydə alınıb.

Kafedə müştəri qismində olan Şəmkir rayon Seyfəli kənd sakini, 1998-ci il təvəllüdlü Elpərəs Bəhman oğlu İbrahimovla həmin kafedə ofisiant işləyən Gədəbəy rayon Novosaratovka kənd sakinləri, 1981-ci il təvəllüdlü Samir Çümşüd oğlu Tapdıqov və onun qardaşı 1986-cı il təvəllüdlü Teymur Cümşüd oğlu Tapdıqovla mübahisə düşüb.

Mübahisə daha sonra münaqişəyə çevrilib və müştəri qismində olan şəxs ofisiantları bıçaqlayıb. Mübahisə zəminində E. İbrahimov da bıçaqlanıb.

Hər üç şəxs xəstəxanaya aparılsa da onlardan T. Tapdıqov yolda dünyasını dəyişib.

Davaya səbəb qadınla bağlı mübahisə olub.

Əvvəldə hərbi qulluqçu Elpərəs İbrahimovla Teymur Tapdıqov arasındakı münaqişə davaya çevrilib və E.İbrahimov T.Tapdıqovu bıçaqla vurub. Daha sonra Samir Tapdıqov davaya qarışıb və nəticədə Elpərəs İbrahimovla bir-birilərinə xəsarət yetiriblər.

Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən “Dəniz” adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə istintaq davam etdirilir.

Hərbi Prokurorluqdan  verilən məlumata görə, iş üzrə hadisə yerinə və meyitə baxış keçirilin, şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilib, digər təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib və hazırda qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsinin, o cümlədən şəxslərin əməllərinə hüquqi qiymət verilməsinin təmin edilməsi məqsədilə digər istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İstintaqın gedişatı və hadisənin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat verilməsi təmin ediləcəkdir.

Faktla bağlı araşdırma davam etdirilir.

 

Bənzər yazılar

0.39337706565857