Daha bir oğurluq: Erməni pianoçu Emil Əfrasiyabın bəstələrini özününkü kimi təqdim edir - VİDEO

 27-05-2023

Ermənilər uzun illər ərzində Azərbaycan mədəniyyətinin əsərlərini həyasızcasına mənimsəyərək dünya ictimaiyyətinə özlərinin “qədim” yaradıcılığı kimi təqdim edirlər. Bu dəfə erməni oğurluğunun qurbanı Azərbaycanın Əməkdar artisti, bəstəkar, caz pianoçusu, beynəlxalq müsabiqələr laureatı Emil Əfrasiyab olub.

Söhbət, əgər onu belə adlandırmaq olarsa, erməni pianoçu David Tujaryandan gedir. Hansı ki, sosial şəbəkələrdə guya “yeni” əsərlərini aktiv şəkildə paylaşmaqla məşğuldur. Əslində isə bu əsərlər bir neçə il əvvəl Əfrasiyab tərəfindən yaradılıb. O zaman Tujaryan hələ qayğısız uşaqlıq illərini yaşayırdı. Bunlar “Character” (“Xasiyyət”), “Əzizə”, “Küçələrə su səpmişəm” və s. əsərlərdir. 

Media.az-la söhbətində Emil Əfrasiyab komandasının bu məsələni necə həll etməyi planlaşdırdığı barəsində danışıb.

- Erməni pianoçunun əsərlərinizi oğurladığından necə xəbər tutdunuz?
- Sosial şəbəkələr vasitəsilə. Bu gün insanlar xoşlarına gələn paylaşımları, müxtəlif videoları, o cümlədən musiqi videolarını paylaşırlar. Mən özüm sosial şəbəkə adamı deyiləm, buna vaxtım yoxdur, bütün platformalarımı şirkətimin işçiləri idarə edir və bu barədə də mənə onlar xəbər verdilər.

- Hara müraciət etməyi düşünürsünüz?
- Bu məsələ ilə həm vəkilim, həm də Azərbaycan Müəllif Hüquqları Agentliyi məşğul olacaq. Onlar Ümumdünya İntellektual Mülkiyyət Təşkilatına müraciət edəcəklər. Şəxsən mənim bununla məşğul olmağa nə vaxtım, nə də həvəsim var.

Bu, Azərbaycan mədəniyyətinin nümayəndələrinin üzləşdiyi ilk hal deyil. Qonşu tərəf daim 50-100 il əvvəl yaradılmış əsərlərimizi oğurlamaq və bu əsərləri öz adlarına çıxarmaqla məşğuldur. Nizami Gəncəvinin “Yeddi gözəl”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” kimi əsərləri də bu aqibəti yaşayıb... Üstəlik, onlar iddia edirlər ki, uzun illər əvvəl möhtəşəm musiqi əsərləri yaradan Azərbaycan bəstəkarlarının hamısı erməni olublar.

Hazırda nəyin kimə məxsus olduğunu sübut etmək daha asandır, çünki bütün platformalarda kompozisiyalar tarixlərlə təqdim olunur. Ona görə də hesab edirəm ki, bizim sübutlarla bağlı heç bir problemimiz olmayacaq.

- Bu pianoçu sizin bəstələrinizlə artıq hardasa çıxış edibmi?
- Düzünü desəm, bu, mənim üçün hətta maraqlı da deyil. Mən, ümumiyyətlə, onun haqqında heç nə bilmirəm. Şirkətimin işçilərinin dediklərinə görə, cəmi bir neçə gün əvvəl o, mənə sosial şəbəkələrdə dostluq təklifi göndərib.

- Amma belə başa düşürəm ki, onunla hər hansı ünsiyyətə girmək niyyətində deyilsiniz?
- Xeyr, bunu etməyi planlaşdırmıram. O və qrupu bir neçə addım geridədir və sadəcə olaraq “YouTube” kanalımıza qoşulublar, mənim səsyazmalarımı izləyirlər ki, hansısa yeni ideya tapsınlar və sonra da bunu öz işləri kimi təqdim etsinlər.

Ümumiyyətlə, musiqiçilər arasında kifayət qədər bizim bəstələrimizi kopyalayanlar var. Lakin onlar eyni zamanda “Emil Afrasiyab”, “Emil Afrasiyab Group” və ya “Emil Afrasiyab’s friends” heşteqlərini qoyurlar, buna görə də onlara qarşı şikayətim yoxdur. Şirkətim Tujaryan məsələsi ilə ona görə maraqlandı ki, onlar həyasızcasına 2009-cu ildə yazdığım “Character” kimi orijinal adlarla videolar paylaşırlar, lakin bunların Emil Əfrasiyabın əsərləri olduğunu qeyd etmirlər və öz işləri kimi təqdim edirlər.

 

Bənzər yazılar

0.29903101921082