Azyaşlı övladı ilə birlikdə intihara cəhd edən ananın uşağı əlindən alınacaq?

 23-05-2023

Ötən gün Dənizkənarı Milli Park ərazisində intihara cəhd hadisəsi olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə qeyd edilib ki, ana əvvəl azyaşlı övladını suya atıb, sonra isə özü intihara cəhd edib. Hər ikisi ətrafdakıların və xilasedicilərin köməyi ilə sudan sağ-salamat çıxarılıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ana və uşaq hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alırlar. Komitənin mətbuat katibi Teymur Mərdanoğlunun məlumatına görə, ananın özünü və övladını ölümə tərk etməsinin səbəbləri haqqında dəqiq informasiya yoxdur:

“1985-ci il təvəllüdlü N.Cavadova həyat yoldaşından ayrılıb. Onun psixoloji problemlərinin olub-olmadığı və hansı səbəbdən intihara cəhd etdiyi aydınlaşdırılır. Məsələ komitənin nəzarətindədir və araşdırmanın nəticələrinə uyğun müvafiq addımlar atılacaq”.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə Oxu.Az-a bildirib ki, onda olan məlumata görə, uşaq xəstəxanada deyil və atasına təhvil verilib:

“Hazırda qadın xəstəxanadadır, uşağı isə atası götürüb. Çalışırıq ki, ata ilə ünsiyyət qurub, onun reabilitasiyası ilə məşğul olaq. Güman ki, ana haqqında nevropatoloq və psixiatrlar qiymət verirlər. Düşünürəm ki, ananı da sığınacağa dəvət edək, psixi problemi yoxdursa, ona dəstək göstərək. Bir qadın intihara cəhd edirsə, ciddi depressiv vəziyyətdən söhbət gedir.

Əgər ananın psixoloji problemləri haqqında rəy verilsə, övladının ondan alınması baş tuta bilər. Amma əvvəlcə ciddi araşdırılmalar aparılmalıdır”.

Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova isə düşünür ki, intihar cəhdinin baş tutmaması məsuliyyət olmayacağı anlamına gəlmir. Ananın özünün və övladının həyatına qəsd etməsi cinayət tərkibli əməl hesab olunur:

“Qadın faktiki olaraq öz övladını ölüm təhlükəsi ilə üz-üzə qoyub. Xoşbəxtlikdən, uşaq da, ana da sağ qalıblar. İstənilən halda qanunun tələblərinə uyğun addım atılmalıdır. Amma mən də uşağın anadan alınması, yaxud müvəqqəti uzaqlaşdırılmasının tərəfindəyəm. Çünki bu hadisədən görünür ki, ana hərəkətlərində adekvat deyil. Araşdırma dərindən aparılmalı, ananı bu həddə çatdıran səbəb və ya şəxs varsa, aydınlaşdırılmalıdır. Nə qərar veriləcəyindən danışmaq hələ tezdir.

Görüntülərdə ananın dənizdən çıxarılandan sonra övladını qucaqladığı görünür. Ola bilsin, onu bu addımı atmağa nə isə məcbur edib. Amma həmin görüntülərdən bir neçə dəqiqə əvvəl balasını dənizə atan da o ana idi.

Aidiyyəti qurumlar, peşəkar təşkilatlar həm uşağın, həm də ananın psixoloji durumunun qiymətləndirilməsi ilə məşğul olmalıdır. Ananın psixologiyası yerində deyil. Uşağın həyatında bu hadisə dərin travma yaradacaq. Dünyada ən çox inandığı insan onu ölümə atır, ardınca özü intihar edir. Bunun üzərində işlənilməsə, gələcəkdə uşağın intihara cəhd etməsi faktları yarana bilər. Əsas məsələ - uşaq və ananın kimliyi açıqlanmamalıdır. Onların gələcəyini düşünmək lazımdır”.

Bənzər yazılar

0.13303589820862