Yeniyol kəndinin sakinləri quyulardakı işlərin yarımçıq qalmasından bu qənaətdədirlər
Problem mediada işıqlandırılandan sonra fəhlələri tökdülər kəndə, qazıb getdikləri “xəndəkdə” qazma işləri davam etdirildi. Borular gətirildi, işlər görüldü, söhbət soyuyan kimi yenə aradan çıxdılar.
Bir ay əvvəl Meydan TV Şəmkirin Yeniyol kəndində dövlət sifarişiylə qazılan artezian quyusundakı işlərin yarımçıq qalmasından yazmışdı. Sakinlər bildirirdilər ki, fəhlələrə pul ödənilmədiyi üçün işləri yarımçıq saxlayaraq kənddən gediblər.
Prezident İlham Əliyevin “Şəmkir və Tovuz rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamı əsasında hər iki rayonun ümumilikdə 17 yaşayış məntəqəsində 20 artezian quyusu layihələndirilməli və qazılmalıdır. Buna görə Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,4 milyon manat (hər quyuya görə 70 min manat) ayrılıb. Bu quyuların 10-u Şəmkirin payına düşüb. Ancaq aylardır ki, məsələn, Yeniyol kəndində bir artezian quyusunun qazılıb istifadəyə verilməsi müşkülə çevrilib. Hətta kəndlilər Meydan TV-yə bildirirdilər ki, quyunun qazılması üçün onlardan da pul istənilir.
Kəndlilərin bu müraciətindən sonra Meydan TV Şəmkir Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərovla əlaqə saxlamışdı. O demişdi ki, bir-iki günə işlər davam etdiriləcək. Elə bir-iki gündən sonra kənd sakinləri Meydan TV ilə təkrar əlaqə saxlayaraq işlərin davamına başlanıldığını bildirmiş və problemi işıqlandırdığı üçün sayta təşəkkür etmişdilər. İndi sakinlər yenə narazıdılar. Səbəb də elə əvvəlkidir. Fəhlələr yenə işləri yarımçıq saxlayaraq çıxıb gediblər.
Kənd sakini Polad Vəliyev danışır:
“Bir quyunun qazılmasına 70 min manat ayrılıb. O pula neçə quyu qazmaq olardı, ancaq bunlar o pulu dədələrinin pulu hesab edib xalqa xərcləmək istəmirlər. O boyda ayrılmış vəsaitlə və fəhlə qüvvəsiylə bir artezian quyusunu qazıb işə salmaq 3-4 günlük işdir. Ancaq mart ayından başladıqları işi bitirmək bilmirlər. Suvarma mövsümüdür, ümumilikdə kənddəki 454 hektar sahə suvarılmalıdır. Yenə kənddə köhnə gərginliklər başlayır, yenə hamı suya görə bir-birinə qənim kəsilir”.
Transformator, su boruları, su motoru və daha bir neçə avadanlıq olmalıdır ki, işlər yekunlaşsın:
“Bunların alınması üçün lazım olan vəsait ayrılmış 70 min manatın yanında qəpik-quruşdur. Belə çıxır k, bunlar ayrılmış pulu qəpik-quruşunadək mənimsəyiblər”.
Şəmkir Rayon İcra Hakimiyyətindən bildirilib ki, Yeniyol kəndinin sakinləri susuzluqla bağlı bir neçə dəfə quruma kütləvi müraciət ediblər. Hazırda həmin kənddə və daha bir neçəsində suvarma probleminin aradan qaldırılması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişiylə artezian quyuları qazılır. Rayonun Düyərli kəndində 2, Yeni Həyat kəndində 1, Zəyəm qəsəbəsində 2, Sarıtəpə kəndində 1, Yeniyol kəndində 1 atrezian quyusunun qazılaraq istfadəyə verilməs prosesi yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda Könüllü, İrmaşlı, Zəyəm Cırdaxan kəndlərində də eyni işlər görüləcək. Hər kənddə 1 artezian quyusu qazılacaq. Quyuların qazılmasında podratçı şirkət olaraq “North West” MMC iştirak edir.
Şirkətin Şəmkirdəki bu işlərə nəzarət edən nümayəndəsi Kamran Hüseynov Meydan TV-yə bildirib ki, quyulara elektrik xətləri çəkilib, dayaqlar quraşdırılıb, boru işləri görülüb, quyularda yuma işləri bitib, yalnız betonlama işləri qalıb. Bu işlər də iyunun əvvəlində görüləcək.