28 yaşlı azərbaycanlının “Boeing” macərası 

 21-05-2023

Uşaqlıqdan arzuladığı deyil, əmək bazarının tələblərinə uyğun peşə seçib. Məhz bu seçimi onu gənc yaşında karyera ilə bağlı qurduğu ən böyük arzusuna çatdırıb. 5 illik mübarizədən sonra “aysberqin zirvəsi” adlandırdığı yerdə fəaliyyətini davam etdirir.

Dünya miqyasında təyyarələr, raketlər, peyklər, telekommunikasiya avadanlıqları istehsal edən Amerika şirkəti “Boeing”də işləyən azərbaycanlı Anar Abbasov “Kaspi” qəzetinə müsahibə verib.

28 yaşı var, Bakıda anadan olub. 47 saylı məktəbdə təhsil alıb. Orta məktəbin son 2 ilini ingilis dili təhsilli özəl məktəblərdən birində oxuyub. Milli Aviasiya Akademiyasında Aviasiya avadanlıqlarının istismar mühəndisliyi üzrə təhsilini davam etdirib. Azərbaycandakı məşhur aviaşirkətlərdən birində 5 il təyyarə üzrə mühəndis vəzifəsində çalışdıqdan sonra, peşəsinə Ukraynada davam edib. Ukraynadan sonrakı ünvanı isə Polşada - “Boeing” şirkətidir.

- Anar bəy, “Boeing”lə yolunuz necə kəsişdi? 

- 5 il Azərbaycanda çox gözəl və öyrədici mühitdə çalışdım. Lakin mühit və gəlir nə qədər yaxşı olsa da, daim eyni təcrübədən yararlanmaqla inkişaf etmək olmur. Qarşıma məqsəd qoydum ki, bu sahədə biliklərimi tək Azərbaycanla çərçivələməyim. CV-mi ABŞ, Kanada, Avropa ölkələrinə göndərdim. Lakin müsbət cavab gəlmədi. Daha sonra Ukraynaya istiqamətləndim və müsbət cavab aldım. Düşündüm ki, bu təcrübədən sonra Avropaya, ABŞ-yə gedə bilərəm. Lakin bir müddət işlədikdən sonra Ukraynada müharibə başladı. Çox böyük əziyyətlə Bakıya qayıtdım. İş təcrübəmə beynəlxalq təcrübə də əlavə olundu və  CV-mi mükəmməlləşdirib yenidən göndərməyə başladım. Bundan sonra müraciətlərim müsbət cavablandırıldı. Həmin vaxt tək Polşadan deyil, bir neçə yerdən iş təklifi aldım. Amma “Boeing”lə bağlı təklifi heç nə əvəzləyə bilməzdi. Bu, xəyalım, 5 illik mübarizəm idi. Çünki Azərbaycanda da həmin şirkətin təyyarələri ilə işləyirdim. Beləliklə, “Boeing” macəram başladı.

- Aviasiya sahəsi son dövrlərə qədər cəmiyyətdə məşhur deyildi. Bu ixtisasa necə yönəldiniz?

- Düzü, bu sahə o zaman mənim üçün də tanınan deyildi. Seçim edəndə, valideynlərimlə birlikdə, bitirəcəyim dövr üçün əmək bazarını araşdırdıq. Düşünürdük ki, tək Azərbaycanda deyil, dünyada həmişə lazımlı sahə nə ola bilər? Aviasiyanı seçdik. Çünki nə qədər inkişaf olsa da, təyyarə üçün mühəndis həmişə lazımdır. Bu vəzifəni nə kompüter yerinə yetirə bilər, nə də robot. Universitetdə bu sahəyə marağım daha da artdı. İşə qəbul olanda isə işimi sevdim və öz üzərimdə çalışdım. Özümü inkişaf etdirdikcə, şanslarım artmağa başladı. Bu sahədə həm maaşlar yaxşıdır, həm də iş maraqlıdır.

- İşinizin özəllikləri nədir? Yəni siz bir “Boeing” təyyarəsində nələrə cavabdehsiniz?

- Mühəndislər təyyarələrin uçuşa yararlı və müvafiq aviasiya qaydalarına uyğun olmasını təmin edir. Təyyarənin uçuşa yararlılığı üzrə direktivləri və xidmət bülletenlərini nəzərdən keçirir və təhlil edir, eyni zamanda təyyarələrə texniki xidmət proqramlarını hazırlayırıq. İstehsalçı tərəfindən bizə xidmət bülleteni verilir, onu araşdırıb, texniki heyətə işin necə aparılması ilə bağlı göstərişlər veririk. Ümumi desək, təyyarədə hər hansı bir problem olanda, biz onu araşdırıb, həll edirik. Bundan öncə işlədiyim şirkətdə problemi həll edə bilməyəndə “Boeing”ə sorğu yazırdıq. İndi isə mən “Boeing”dəyəm və belə sorğuları cavablandırıram. Təyyarədə həm struktur, həm də sistem problemi ola bilər. Hazırda “Boeing”də struktur problemlərinə baxıram. Məsələn, təyyarənin gövdəsində problem olanda, biz onları araşdırıb kömək edirik. Amma sistem problemlərinə başqa mühəndis baxır.

- “Boeing”ə qədər 5 il ard-arda iş üçün şirkətlərə müraciət etmisiniz. Hər dəfə “yox” cavabından sonra geri addım atmağı düşündünüzmü?

- İlk illər imtina gələndə motivasiyadan düşmürdüm. Çünki hələ yaşım az idi və yeni bir iş üçün təcrübə toplamalıydım. Aviasiya aləmində mühüm yerlərə işə düzəlmək istəyirsənsə, minimum 5 il iş təcrübən olmalıdır. İlk 3 ildə tək “Boeing”ə yox, bütün aviaşirkətlərə CV göndərirdim. Hər yerdən imtina gəlirdi. Bir müddət sonra motivasiyam düşdü və CV göndərməyi dayandırdım. Amma bunun mənə heç bir faydası yox idi. İstədiyimi alana qədər çalışdım və mükafatını da aldım.

- “Boeing”dən sonra da CV göndərməyə davam edirsiniz?

- Artıq göndərmirəm. (Gülür - A.Ə) Hər şey yaxşı davam etsə, “Boeing”dən heç yerə getmək istəmirəm. Mənim üçün bura aysberqin zirvəsidir.

- Anar bəy, sizə yazılan rəylərə diqqət etdikdə ətrafınızda xarici mütəxəssislərin çox olduğu görünür. Ümumiyyətlə, xarici mütəxəssislərlə dostluq sizə nə verir? 

- İşlədiyim ilk illərdən ətrafıma fikir mübadiləsi apara biləcəyim, aviasiya haqqında maraqlı yazılar paylaşan mütəxəssisləri toplamağa çalışdım. Beləliklə, biliklərimi və əlaqələrimi artırdım. Həm də iş axtaranda çoxları mənə hara müraciət edə biləcəyim barədə məsləhətlər verdilər. Elə “Boeing” işçiləri ilə də fikir mübadiləsi apardım və vakansiyalarla bağlı məni məlumatlandırdılar. Ətrafının düzgün seçilməyi, öyrənmək üçün dünyanın hər yerindən dost toplamaq insanın həyatına, karyerasına müsbət təsir edir. Sosial şəbəkələr bizə o şansı verir.

- Çalışdığınız şirkətdə sizdən başqa azərbaycanlı varmı? 

- “Boeing” dünyada bir neçə ölkədə fəaliyyət göstərir. Bildiyimə görə, mənimlə bərabər 3 azərbaycanlı var. Komandamda ukraynalılar çoxdur. Ünsiyyətimiz də normaldır. Burada məni çox yaxşı qarşıladılar. İşçiyə olan münasibətləri yüksək səviyyədədir. Bütün suallarımızı canla-başla cavablandırırlar.

- Gənc yaşınızda öz sahənizdə zirvə olan yerlərdən birində işləyirsiniz. Belə insanlar haqqında daim “bəxti gətirdi” ifadələri işlədilir. Sizcə, şanslısınız?

- Nə vaxtsa burada işləyəcəyimi təsəvvür etmirdim. Məşhur şirkətlərdə işləyənlərə həsəd aparırdım. Burada olmağımda şansın rolu var. Amma əziyyətimin bəhrəsi kimi şansım açıq olub. Öz üzərimdə işləməsəydim, bəxtim də gətirməzdi. Bilirdim ki, çalışmasam o şansı əldə edə bilmərəm. Ukraynada işləyəndə müharibə başladı. Çox ağrılı, əziyyətli günlərdən keçdim. Bu, həmin günlərin mükafatı idi. Azərbaycan üçün yeni sahə hesab olunduğu üçün Bakıdan təyyarə mühəndislərini asan qəbul etmirlər. Buna baxmayaraq, istədiyimə nail oldum.

- Təyyarələrlə bağlı müxtəlif inanclar var. Məsələn, bəzi təyyarələrdə 13-cü oturacaq yoxdur. Bu inanca münasibətiniz necədir?

- Bu, artıq ölkədən asılıdır. Necə nömrələyəciyimizi özümüz seçirik. Məsələn, dostum təyyarədə həmişə 13-cü yer alır. Çünki o rəqəmi uğurlu hesab edir. Amma bəzi ölkələr var ki, “4” rəqəmindən qorxur. Tək “13” deyil, “4” rəqəmli oturacaq da olmaya bilər. Əsas odur ki, biletindəki nömrəni təyyarədə tapasan.

- Əvvəllər təyyarələrdə siqaret çəkməyə icazə verilirdi. İndi isə yox. Ümumiyyətlə, siqaretin havanı çirkləndirməsindən başqa hansı təhlükəsi var?

- Bəli, keçmişdə icazə var idi. Hətta indi də bəzi təyyarələrdə, hansılar ki, 20 ilin təyyarəsidir, kül üçün yer var. Siqaret təyyarədə yanğına səbəb ola bilər və bu, çox böyük problemə çevrilər. Düzdür, təcrübədə olmayıb. Amma olma ehtimalı çoxdur. Ona görə də, indi qadağandır.

- Əvvəlki təyyarələrlə indikilər arasında hansı fərqlər var? Müasirlik hansı təhlükələri tarixə qovuşdurub?

- Keyfiyyətli xidmət və nasaz hissələrin vaxtında dəyişilməsi şərtilə, təyyarə 50 il intensiv şəkildə işləyə bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, xidmət müddətinin sonuna doğru bir çox hissələr güc resursunu tükədir və onların istənilən vaxt sıradan çıxma ehtimalı var. Bu gün əksər aviaşirkətlər belə təyyarələri yeniləri ilə əvəz etməyə üstünlük verirlər. Çünki onlara texniki qulluq və təmir baha başa gəlir. Resursları tükənən təyyarələrdə səyahət edərkən şanslı olmaq ehtimalınız azdır. Yeni təyyarələr sərnişinlər arasında daha məşhurdur və bunun birinci səbəbi rahatlığıdır. Daha müasir texnologiya ilə təchiz olunublar və daha az səs-küylü olurlar, manevrləri yumşaq edirlər. Müasir modellər demək olar ki, tamamilə avtomatlaşdırılıb, ekipaj üzvlərinin uçuş prosesinə müdaxiləsi minimaldır. Əksər hava qəzalarının səbəbi insan faktorudur. Əvvəllər pilot kabinəsində 4 nəfər əyləşirdi. İndi 2 pilot özləri hər şeyi edə bilirlər. Ən böyük dəyişiklik odur ki, təyyarənin hissələrini daha ucuz və tez təmir etmək olur. Hətta rahatlıqla yenilənir. Təhlükəli bildiyimiz, amma indi təhlükəsiz hesab olunan məqam isə telefon istifadəsidir. Bu, əvvəlki təyyarələrdə ciddi problem idi. Amma müasir təyyarələrdə bununla bağlı problem yoxdur. Hətta bu gün bir çox təyyarələrdə “wi-fi” var.

- Bəzi insanlar “uçmaq”dan qorxurlar. Göy yerdən təhlükəlidir?

- Müasir dövrdə o qədər təcrübələr aparılıb ki, mühəndislər artıq təyyarələrdəki bütün problemləri əvvəlcədən görə bilirlər. Bu problemlərin bir çoxu müasir təyyarələrdə həll olunur. Bunu göydə də edə bilirlər, yerdə də. Problem ancaq pilotun təcrübəsizliyi ilə bağlı ola bilər. Bunun üçün də pilotlar təlimlərdən keçirlər. Təyyarədə turbulent (Təyyarələr gözlənilmədən titrəməyə başlayanda turbulentlik yaşayır - red.) zamanı qorxulu anlar ola bilər. Amma bu o demək deyil ki, bu zaman qəza olacaq. Maşın da yol ilə gedəndə çuxurlu yolda sərnişin qorxur. Bu, göydə də olur. Səmada hava boşluqları olur və bu, baş verir. Təyyarədə elə funksiyalar var ki, turbulent halını əvvəlcədən bilir və pilot yolunu dəyişir. Təyyarə ən təhlükəsiz nəqliyyat vasitələrindən biridir. Uçmaqdan qorxmayın.

Bənzər yazılar

0.12611794471741