Hansı halda valideynin razılığı olmadan uşağı ölkə xaricinə aparmaq olar?

 21-05-2023

“Atanın, ananın razılığı olmadan uşağı respublika hüdudlarından kənara çıxarılması ilə bağlı mübahisələr adətən tərəflər arasında nikahın pozulmasından sonra baş verən hadisədir”.

“E-huquq.az” xəbər verir ki, bu sözləri vəkil Araz Nurməmmədov söyləyib.

Vəkil bildirib ki, bu məsələ “Pasportlar haqqında” Azərbaycan Respulikasının Qanununa və Miqrasiya Məcəslləsinə əsasən tənzimlənir: “Həmin qanunun 2-ci maddəsinə əsasən, 18 yaşına çatmamış vətəndaş valideynlərinin icazəsi olmadan ölkə hüdudlarını tərk edə bilməz. Burada hər iki valideynin razılığı mütləqdir. Bəs bu halda vətəndaş nə etməlidir? Əgər tərəflər razılaşırsa, hər iki tərəf notariusa yaxınlaşmaqla digər tərəfin adına notarial qaydada razılıq ərizəsi yazaraq şəxsin uşaqla birgə ölkədən çıxmasına icazə verə bilər. Lakin bəzi hallarda bu razılıq əldə olunmur və tərəf məcburiyyət qarşısında qalaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edir”.

A.Nurməmmədov qeyd edib ki, bəzən məhkəmə digər tərəfin uşaqla ünsiyyətin pozulmasını əsas gətirərək iddia tələbini təmin etmir: “Burada məhkəmənin nəzərə alacağı müəyyən hallar var. Məhkəmə ilk növbədə uşağın ölkədən çıxarılması ilə bağlı iddia tələbinin təmin edilməsi üçün sübut təqdim edilməsini zəruri hesab edir. Bu sübutlar nədən ibarətdir? İlk növbədə bu barədə məhkəmə iddia tələbinə baxarkən həmin uşağın ölkədən çıxarılmasının sırf uşağın mənafeyi ilə əlaqələndirməsini iddiaçı tərəfin üzərinə qoyur. Bəzən məhkəmə mübahisələrində şəxs özünün istirahəti və ya digər məqsədlər üçün ölkədən kənara çıxır və uşağı da özü ilə aparmaq istəyir. Bu halda məhkəmə digər tərəfin uşaqla ünsiyyətin pozulmasını əsas gətirərək iddia tələbini təmin etmir. Lakin atanın, ananın razılığı olmadan ölkədən çıxarılması sırf uşağın mənafeyi nöqteyi-nəzərindən, məsələn, təhsilinə, müalicəsinə görədirsə, məhkəmə bu barədə iddia tələbini təmin edir. Bu halda atanın və ya ananın icazəsi olmadan iddia tələbini təmin etməklə müvafiq qətnamə çıxarılır”.

Bənzər yazılar

0.12839484214783