Kafedra müdiri Şəhriyar Muxtarov: “Universitetdə müəllimin tutuquşudan fərqi olmayacaq”

 30-05-2022

“Xarici ölkələrdə yüksək keyfiyyətli təhsil alan gənc müəllimlər ölkəmizdə fəaliyyət göstərmək üçün geri qayıdırlar. Biz onlara akademik karyera vəd edərək universitetə cəlb edirik. Lakin cəmi bir il işlədikdən sonra heç nəyin onların təhsil aldıqları ali məktəblərdəki kimi olmadığını görüb, uzaqlaşırlar”.

MillətinSəsi.info xəbər verir ki, bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olarkən Bakı Mühəndislik Universitetinin kafedra müdiri Şəhriyar Muxtarov deyib.

Onun sözlərinə görə, 550 saat yüklənən gənc müəllim həftədə minimum üç-dörd fərqli dərsə girirsə, o özü də hazırlaşmalıdır:

“Gənc, magistraturanı bitirən müəllimdir. İllərin təcrübəsi olmadığından, o özü də hazırlaşmalıdır. Bu müəllim qalır çıxılmaz vəziyyətdə və öz üzərində işləməyə vaxt tapmır. Dərs yükünün altında əzilib qalır. Universitetdə xaricdə təhsil alan müəllimə 550 saat üçün təklif edilən maaş əmək bazarından üçqat aşağıdır. Təbii olaraq müəllim də zəruri olaraq dolanışığını təmin etmək üçün kənardan əlavə dərslər götürür. Belə olan halda da müəllimin illik dərs yükü gəlir çatır təxminən 1000 saata.

Bu insan bu qədər saat çalışsa, nə tədqiqat aparacaq, nə də özünə zaman ayıra biləcək. Müəllim öz sahəsi üzrə yenilikləri öyrənməlidir. Hər gün yeni informasiyalar çıxır. Müəllim bunu izləyə bilməyəcəksə, tələbəyə kitabda yazılanlardan kənar informasiya verə bilməyəcəksə, burada keyfiyyətli tədrisdən söhbət gedə bilməz. Üzr istəyirəm, amma belə olan halda müəllimin tutuquşudan fərqi olmayacaq”.

Ş.Muxtarov onu da əlavə edib ki, dərs yükü necə bölüşdürülməlidir sualı 1994-cü ildə hazırlanan köhnə sənəd əsasında həll olunur: “Bu sənəd o qədər köhnədir ki, tarix belə orada yoxdur. Bu sənəd hökmən yenilənməlidir. Azərbaycanda universitetlərdə tədris yükünün bölgüsü yanlış aparılır və bu, tədrisin keyfiyyətinə təsir edir. Universitetlərdə professor və müəllim üçün dərs yükünün azı 500 saat olması ifadəsi, mənə görə, xətalıdır. Onlar bunu öz maliyyə yüklərini azaltmaq məqsədilə edirlər, lakin bu, dərsin keyfiyyətinə mənfi təsir edir”.

O bildirib ki, dərs yükünün bölgüsü 2010-cu ildə qəbul edilən “Təhsil Haqqında” sənədə əsasən 500 saat müəyyənləşdirilib:

“Həmin sənəddə qeyd edilir ki, universitetdə professor və müəllim heyətinin dərs yükü azı 500 saatdan, bu saatların 60 saatı auditoriya saatından (aktiv saat) ibarətdir. Dərs yükünün azı 500 saat olması ifadəsi bir müəllim kimi, mənə görə, xətalıdır. Çünki universitet rəhbərlikləri bunu minimum qəbul edərək daha yüksək saatlar təyin edirlər. Bu gün çox nadir hallarda universitetdə müəllimin dərs yükünün 500 saat olduğunu görmək olar. Müəllimin dərs yükünün 550, 600, hətta 700 saat olduğu universitetlər tanıyıram. Buna qətiyyən ehtiyac olmadığını düşünürəm. Mən düşünürəm ki, bunu öz maliyyə yüklərini azaltmaq məqsədilə edirlər və bu, dərsin keyfiyyətinə mənfi təsir edir”.

Kafedra müdiri əlavə edib ki, universitetdə 500 saat ştat yükü təyin edildiyinə görə müəllim əməkhaqqı almaq üçün bu dərs yükünü tamamlamalıdır:

“Hətta Əmək Məcəlləsində həftəlik iş yükü maksimum 40 saat göstərilib. İşəgötürən işçisini bu saatdan daha az işlədə bilər. Tədrisdə isə bu 500 saat minimum olaraq göstərilib deyə onlar daha çox da təyin edirlər. Bu, səhvdir. Avropa universitetində dosentin illik tədris yükü maksimum 280 saat göstərilib, universitet ona 100 saat da verə bilər”.

Bənzər yazılar

0.23151707649231