“Zaqatalada baş verə biləcək sel və daşqınların qarşısını almaq məqsədilə işlərə başlanılıb.
Rayon ərazisindən 7 ədəd çay keçir. Həmin çayların sahillərində 43 kilometr sahil mühafizə bəndləri mövcuddur. Hər il mütəmadi olaraq bəndlərdə təmir-tikinti işləri görülür".
Bu barədə Bizim.media-nın yerli bürosuna Rayon Suvarma Sistemləri İdarəsindən məlumat verilib.
Rayon ərazisindən axan dağıdıcı gücə malik Muxax və Tala çayları zaman-zaman daşqınlara səbəb olub, şəxsi təsərrüfatlara ciddi ziyan vurub.
Qeyd olunub ki, ən çox sel sularına məruz qalan ərazilərdə bu il hər hansı bir təhlükə gözlənilməsə də, rayonun relyefi mürəkkəb olduğundan görülməli işlər yetərincədir. Bəzən sakinlərin çay yataqlarına çox yaxın ərazilərdə tikinti və bağ salmaları onların təsərrüfatı üçün təhlükə yaratmaqla yanaşı, həm də çay yataqlarının təmizlənməsi, bənd tikintisi zamanı çətinliklər yaradır.
Həmçinin havaların yağmurlu keçdiyi bu ərəfədə baş verə biləcək hər hansı bir sel təhlükəsinin qarşısını vaxtında almaq məqsədilə idarə gücləndirilmiş iş rejiminə keçib.
Təhlükə gözlənilən ərazilərdə texnika hazır vəziyyətdə saxlanılır. Hazırda çay yataqlarının təmizlənməsi, beton bəndlərin tikintisi və çayların sahillərində qabyon bəndlərin quraşdırılması işləri davam edir.