General-mayor Teymur Quliyev AZADLIĞA BURAXILIB

 28-05-2022

Ədliyyə Nazirliyinin 9 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən 7 məhkuma əfv sərəncamı şamil edilib.

MillətinSəsi.info APA-ya istinadən xəbər verir ki, onların 7-si də azadlığa buraxılıb.

Azadlığa buraxılanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq idarə rəisi, general-mayor Teymur Quliyev və MTN-in digər vəzifəli şəxsləri var. Sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 18 maddəsi ilə ittiham olunaraq 12 il iş almış, Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin rəisi olmuş, general-mayor Teymur Rəcəb oğlu Quliyev Eldar Mahmudovun zamanında vətəndaşların qanunsuz telefon dinləmələri, evdə, işdə, bayır-bacada danışıqlarını gizli şəkildə qeyd etmək, onların gizli videolarını çəkmək, tualetə, yataq otağına və digər otaqlara kamera yerləşdirməklə məşğul olduğu deyilir.

Bu dinləmələr, gizli çəkilişlər isə pul qoparmaq üçün təkcə hədəfdə olan sahibkarları əhatə etmirdi. Məlumata görə, ələ alınmaq, susdurulmaq üçün müstəqil ictimai-siyasi fəallar, müxalif düşərgəyə mənsub olanlar, həmçinin qorxudulmaq və s. məqsədlər üçün hakimiyyət təmsilçiləri də Teymur Quliyevin rəhbərlik etdiyi otaqdan dinlənilib, səs-video yazıları kimi qeydə də alınıb, xüsusi fayllar şəklində toplanaraq kompromat kimi saxlanılıb və xaricə çıxarılıb.

2012-ci ildə general-mayor rütbəsi alan  Teymur Rəcəb oğlu Quliyev 2015-ci ildə Teymur Əliyev küçəsində (Milyonerlər məhəlləsi) yerləşən 4 mərtəbəli villasında həbs edilmişdi. O, Eldar Mahmudovun "gizli qara qutu"su hesab edilirdi.

Müəllif Həbib Müntəzir

Bənzər yazılar

0.45639801025391