Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
MillətinSəsi.info xəbər verir ki, yarışın 4-cü günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Gültəkin Şirinova (53 kq) 1/4 finalda fransalı Şadya Ayaşiyə qalib gəlib - 12:7. Həmyerlimiz yarımfinalda almaniyalı Anastasiya Blayvasla qarşılaşacaq.
Jalə Əliyeva (62 kq) 1/4 finalda Fransanın digər təmsilçisi Amelin Duareni “tuşe” ilə məğlub edib. Güləşçimiz yarımfinalda polşalı Paulina Malqojata Danişlə üz-üzə gələcək.
Birgül Soltanova (65 kq) 1/4 finalda estoniyalı Viktoriya Vessoyla gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə uduzub - 7:8.
Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 18:45-də başlayacaq. Bu gün həm də Elnurə Məmmədova (55 kq) final, Şəhanə Nəzərova (50 kq) və Nigar Mirzəzadə (68 kq) bürünc medal görüşlərinə çıxacaq.
Xatırladaq ki, dünən yunan-Roma güləşçisi Nihat Məmmədli (60 kq) gürcü rəqibinə 10:0 qalib gələrək Avropa çempionu olub. Beləliklə, 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 102 xalla Gürcüstan və Türkiyədən sonra komanda hesabında Avropa üçüncüsü olub.