Lənkəran Dövlət Universitetində satınalmalarda nə kimi biabırçılıqlara YOL VERİLİB?!

 28-05-2022
Dövrü mətbuatda Lənkəran Dövlət Universitetində rüşvətxorluq, tələbə müəllim münasibətləri haqqında yayaılmış çoxlu sayda məlumatlara rast gəlmək olar. Qeyd edək ki, Universitetin 2016-cı ildən sonra 5 il rektor əvəzi kimi işləmiş Natiq İbrahimov nəhayət 23 aprel 2021-ci il tarixdə rektor təyin edildi.
 
Bu təyinatdan artıq bir il keçməsinə baxmayaraq Lənkəran Dövlət Universitetində heç nə dəyişməyib, hər şey əvvəlki qaydada davam edir. Universitetdə tələbələrlə bağlı yayılan məlumatlardan fərqli olaraq biz bu ali təhsil müəssisəsinin maliyyə və təssərrüfat işləri ətrafında araşdırmalar aparmalı olduq və satınalmalar tarixində ən biabırçı mənzərələrlə üzləşdik.

Qeyd edək ki, Lənkəran Dövlət Universiteti 2022-ci ildə müxtəlif malların və xidmətlərin alınması üzrə bir neçə satınalma proseduru həyata keçirib. Bu kotirovka sorgularının keçirilməsi zamanı yol verilən qanun pozuntuları rektor Natiq İbrahimovun bir rektor kimi idarəetmədən bixəbər olduğunu ortaya çıxardı. Lənkəran Dövlət Universiteti tərəfindən 2022-ci ildə keçirilmiş aşağıda diqqətinizə çatdıracağımız kotirovka sorğularında yol verilən qanun pozuntuların diqqət yetirin. Bu qanun pozuntularından əlavə, həm də biabırçılıqdı.

“Bioaktivlərin alınması, ağac və bitkilərə aqrotexniki qulluğun olunması işləri” üzrə keçirilmiş kotirovka sorğusunda fiziki şəxs RÜFƏT RAMAZAN OĞLU MASİMOV  ilə 10.05.2022-ci ildə 19 770 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Mətbəə məhsullarının hazırlanması üzrə keçirilmiş kotirovka sorğusunda “PLUTON-MM”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 10.05.2022-ci ildə 7640 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “PLUTON-MM”  Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 28.04.2022-ci il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, CƏFƏR XƏNDAN, ev 8, m. 8, qanuni təmsilçisinin isə Mirzəyev Elmar Rafiq oğlu olduğu göstərilir.

Qeyd edək ki, Universitetin Tender Komissiyası kotirovka sorğusunun keçirilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada dövlət satınalmalarının vahid internet portalına elan yerləşdirməmiş, şərtlər toplusunda kotirovka sorğusu müsabiqəsinin başlanma tarixini 19.04.2022-ci il, təkliflərin son təqdim olunma tarixini 05.05.2022-ci il, zərflərin açılış tarixini isə 06.05.2022-ci il göstərmişdir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyü kimi “PLUTON-MM”  Məhdud Məsuliyyətli Cəmiyyəti 28.04.2022-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Bu isə o deməkdir ki, Lənkəran Dövlət Universitetinin Tender Komissiyası kotirovka sorğusu müsabiqəsi başladıdıqdan 9 gün sonra, zərflərin açılma tarixinə isə 7 gün qalmış dövlət qeydiyyatına alınan bir MMC ilə satınalma müqaviləsi bağlayıb. Bu isə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə yolverilməzdir.

Atributların və mükafatların alınması üzrə keçirilmiş kotirovka sorğusunda “VAHİD-M”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 10.05.2022-ci ildə 48 440  manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

2022-ci ildə konfrans və tədbirlərin təşkil olunması üzrə keçirilmiş kotirovka sorğusunda “VAHİD-M”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 29.04.2022-ci ildə 36 930  manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Bərk inventar və avadanlıqların carı təmir olunması üzrə keçirilmiş kotirovka sorğusunda “ELİTE CONSTRUCTİON”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 29.04.2022-ci ildə 20 675.96 manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Dəftərxana və təsərrüfat mallarının alınması üzrə keçirilmiş kotirovka sorğusunda “VAHİD-M”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 11.04.2022-ci ildə 31 169  manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “VAHİD-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində 17.11.2016-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının  MASALLI RAYONU, MASALLI ŞƏHƏRİ, QARABAĞ, ev DÖNGƏ 1, qanuni təmsilçisinin isə Mirzəyev Elmar Rafiq oğlu olduğu göstərilir.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarından da göründüyüy kimi Lənkəran Dövlət Universitetinin satınalma müqaviləsi bağladığı MMC-lərin qanuni təmsilçisi eyni şəxs, Mirzəyev Elmar Rafiq oğludur. MMC-lərin fəaliyyət sferası barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi, Lənkəran Dövlət Universitetinin Tender Komissiyası bir nəfərin qanuni təmsilçisi olduğu iki MMC ilə bir ay ərzində ayrı-ayrı malların alınması və xidmətlərin göstərilməsi üzrə ümumi dəyəri 124 179 manat olan satınalma müqavilələri bağlamışdır. Ayrı-ayrı xidmətlər üzrə bir nəfərə məxsus iki MMC ilə bağlanılan satınalma müqavilələri müəyyən şübhələrə yol açır.

Lənkəran Dövlət Universitetinin Tender Komissiyası “VAHİD-M”  Məhdud Məsuliyyətli Cəmiyyəti  ilə 2021-ci ildə də dəftərxana və təsərrüfat mallarının alınması üzrə ümumi dəyəri 150 969 manat olan iki satınalma müqaviləsi bağlamışdır.

Göründüyü kimi Lənkəran Dövlət Universiteti ilə “VAHİD-M”  Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış  satınalma müqavilələrndə də şübhəli məqamlar var. Belə ki, Universitetin Tender Komissiyas bu MMC-ni qalib seçərkən “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozmuş, demək olar ki, ayrı -ayrı xidmətlər üçün bir nəfərə məxsus iki  MMC-nin müvafiq sahədə peşəkarlığını, ixtisas göstəricilərini, təcrübəsini, texniki və maliyyə imkanlarını, işçi qüvvəsini, idarəetmə səriştəsini, etibarlığını nəzərə almamışdır.

Yuxarıda qeyd etdiyimiz məlumatlardan da görsəndiyi Lənkəran Dövlət Universiteti tərəfindən keçirilmiş kotirovka sorğularında  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra tələbləri kobud şəkildə pozulmuşdur.Tender və kotirovka prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi  satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına şübhə yaradır.

Bu yuxarıda göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə Lənkəran Dövlət Universitetinin Tender Komissiyasına sorğu məktubu unvanlamışıq. Universitetin satınalma işləri üzrə mütəxəssisi, əslində satınalmalardan bixəbər olan Tərlan Məhərrəmli telefona belə cavab vermir. Görək göstərdiyimiz bu qanunsuzluqlara nə kimi don geyindirəcək. Şübhəsiz  deyəcək ki, bizim xəbərimiz olmur. Hər şey elektron qaydada keçirilir. Amma biz ona bəri başdan bu sualı ünvanlayırıq. Necə olur ki, Mirzəyev Elmar Rafiq oğlunun adına təsis edilmiş iki MMC ancaq Lənkəran Dövlət Universitetinin keçirdiyi kotirovkaların qalibi olur? Yoxsa İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin kompüterləri Mirzəyev Elmar Rafiq oğlu ilə əlaqəyə girib ancaq Lənkəran Dövlət Universitetinin keçirdiyi kotirovkaların qalibi çıxarır?

Mənbə Aktualinfo.org

Bənzər yazılar

0.25208497047424