10-11 may tarixlərində Ermənistan silahlı bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan və artilleriyadan atəşə tutdu.
İnsidentlər nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralandı. O, hədəfli atəş nəticəsində yaralanıb.
Ermənistanın qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid oldu.
Düzdür, Ermənistan ordusu da itkilər verdi və onun Zod istiqamətindəki hərbi infrastrukturu Azərbaycan Ordusu tərəfindən məhv edildi.
Ancaq, bu, Ermənistanın təxribatlara son qoyacağı demək deyil. Ermənistanın bu təxribatı məqsədli şəkildə vəziyyəti gərginləşdirməyə xidmət edir.
Çünki Ermənistan həmin istiqamətə qoşun və texnika cəmləmişdi, əraziyə snayperlər gətirilmişdi.
İrəvan elə fikirləşir ki, törətdiyi təxribatlarla Azərbaycanı hansısa addıma məcbur edəcək. Amma o yanılır, özü də kökündən. Ən həlledici məqamlarda Ermənistan öz dostlarından belə dəstək ala bilmir. Ermənistan sadəcə sərhəddə vəziyyəti gərginləşdirməklə Azərbaycanı təcavüzdə ittiham etmək istəyir.
Bunun üçün plan da qurmuşdu. Təxribatın əvvəlcədən planlaşdırılmasını göstərən bir neçə sübut var.
Belə ki, Ermənistan təxribat zamanı zərbə dronlarından istifadə etdi ki, bu da hazırlanmış planın tərkib hissəsi idi.
Ermənistanın Müdafiə Nazirliyi və onunla sinxron şəkildə Xarici İşlər Nazirliyi çox qısa intervallarla ardıcıl açıqlamalar və bəyanatlar verdi.
Hər iki nazirliyin vəziyyət barədə saxta məlumatlar yayması təxribatın qabaqcadan planlaşdırılmasından xəbər verir.
İrəvanın təxribatı Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilmiş danışıqları ilə bağlıdır.
Belə ki, Ermənistan danışıqlarda ağır vəziyyətə düşüb. Bu ölkənin qarşısına Azərbaycanın ərazi bütövlüyünü tanınması tələbinin qoyulması İrəvan üçün dalandır.
Bir sözlə, Vaşinqton görüşünün pozitiv nəticələrinin heçə endirilməsi Ermənistanın yeni təxribatının əsas səbəblərindən biridir.
Ermənistan Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni çətin vəziyyətlə üzləşəcəyini, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması, əgər tanıyırsa, hansı çərçivədə bunu etdiyi barədə suala birmənalı cavab verməyə məcbur olacağını bilir.
Buna görə də vəziyyəti gərginləşdirməklə, ənənəvi metod olan təxribata əl atmaqla vəziyyətdən çıxmağa çalışır.
Ümumiyyətə baş verənlərə görə tam məsuliyyət Ermənistanın üzərinə düşür. Əgər İrəvan təxribatlara davam etsə, bunun onun üçün nəticələri daha ağır olacaq.
Aqil Vəlili