Başına pul mükafatı qoyulan Milli Qəhrəmanın anım günüdür

 08-05-2023

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Şuşa uğrunda 8 may 1992-ci il tarixində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Albert Aqarunovun anım günüdür.  

O, 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.

Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək 101 saylı peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib.

1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirir və tank komandiri olur. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyir. Vətənimizin dar günlərində Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanır.

Albert Aqarunov tank komandiri təyin edilir və Şuşa cəbhəsinə yollanır. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edir.

1992-ci il mayın 8-də Şuşada səhər tezdən erməni quldurlarının tankları görünür, Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edir, yenidən irəli atılan vətən oğlu növbəti sərrast atəşlə yenidən düşmən tankını məhv edir.

Sevincindən məhv etdiyi tanklara baxmaq istəyən Albert snayper gülləsinə tuş gəlir və döyüş meydanında qəhrəmancasına həlak olur.

Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi, onun şücaətindən danışmayan yox idi. O dövrdə hər kəs tankını “Albert” adlandırırdı... Ermənilər onun başına pul mükafatı qoymuşdular.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bakıda vaxtilə təhsil aldığı 154 nömrəli məktəb və Nərimanov rayonunda küçə onun adını daşıyır.

Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsi qurulub, təhsil aldığı məktəbin önündə büstü qoyulub.

Eyni zamanda, 2019-cu ildə Nərimanov rayonu ərazisində Albert Aqarunovun heykəli ucaldılıb.

Bənzər yazılar

0.1448061466217