Azərbaycan Respublikası Prezidentinin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçirilib.
Müdafiə Nazirliyi rəsmilərinin, HDQ şəxsi heyətinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın böyük oğlu Heydər Əliyevin abidəsi qarşısına qızılgüllər düzülüb, xatirəsi ehtiramla yad edilib.
Layihənin müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani təntənəli mərasim iştirakçılarını salamlayaraq bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində də müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən silsilə tədbirlər həyata keçirilir. Ulu öndərin mənalı ömür yolu dərindən öyrənilir, zəngin irsi geniş təbliğ olunur və Azərbaycan Ordusunun şəxsi heyəti Heydər Əliyevin ideyalarına gələcəkdə də sədaqət nümayiş etdirəcəklərini, Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.
Tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsinə bir dəqiqəlik sükut elan edilib, Dövlət Himni ifa olunub.
Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov geniş məruzə ilə çıxış edib.
Komandan Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olan, öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş, hər bir azərbaycanlı üçün vətənpərvərlik nümunəsinin rəmzinə çevrilmiş ümummilli liderin ömür yolundan, müstəsna xidmətlərindən danışıb.
Bir daha vurğulanıb ki, xalqımız yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Fəaliyyətinin bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışan vitse-admiral nəzərə çatdırıb ki, hələ 52 il öncə, 1971-ci ildə ulu öndərin şəxsi təşəbbüsü və rəhbərliyi ilə indiki Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradılıb.
Keçmiş Sovetlər İttifaqı tərkibində olduğumuz bir zamanda, totalitar rejimin, kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə nəinki analoqu olmayan belə bir məktəbi yaratmaq, hətta təşəbbüs göstərmək böyük cəsarət tələb edirdi. Bu, Moskvanın, Kremlin tələblərinə tamamilə zidd olan bir təşəbbüs idi. Ümummilli lider müsahibələrin birində qeyd etmişdir ki, biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığını və dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq.
Xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı Hərbi liseyin yetirmələri Azərbaycan öz müstəqilliyini yenidən bərpa etdikdən sonra respublikamızın silahlı qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr verib, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan hərbi əməliyyatlarda həmişə ön cəbhədə yer alıblar. Onlardan 19 nəfər böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı”, 11 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülüb, yüzlərlə hərbi qulluqçu orden və medallarla təltif olunub.
Diqqətə çatdırılıb ki, müasir mütəşəkkil ordunu yaratmaq Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biridir. Bu ordunu isə ulu öndərin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib ordu səviyyəsinə yüksəldib.
Son 20 il ərzində ordumuzun maddi-texniki bazası daha da möhkəmlənib, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həll edilir, müasir silahlar, hərbi texnika alınır, yüksək ixtisaslı peşəkar hərbçilər yetişdirilir. Bütün bunların nəticəsində 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında “Günnüt zəfəri” ilə hərb tariximizə parlaq səhifələr yazılıb, Tovuz döyüşləri zamanı düşmən təxribatlarının qarşısı qətiyyətlə alınıb.
Komandan böyük iftixar hissi ilə bildirib ki, Azərbaycan Ordusunun bütün qoşun növlərində olduğu kimi, HDQ-nin şəxsi heyəti də ulu öndərin 100 illiyini Vətən müharibəsində qazanılan böyük zəfərin yaratdığı qələbə əhval-ruhiyyəsi ilə qarşılayır.
Bu müharibədə HDQ-nin dəniz xüsusi təyinatlıları müharibənin ikinci günündə Goranboy rayonunda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan “Mübariz postu” istiqamətində ilk döyüş tapşırığını itki vermədən uğurla yerinə yetirib. Sonra hərbi dənizçilərimiz Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı istiqamətlərində hücumu davam etdirərək bir çox yaşayış məntəqələrini, eləcə də düşmənin hərbi şəhərciyini və zastavasını azad edib, Xudafərin körpüsünə bayraq sancaraq azad edilən əraziləri aidiyyəti üzrə digər qoşunların bölmələrinə təhvil veriblər.
HDQ xüsusi təyinatlılarının fədakarlığı nəticəsində Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi, eləcə də Qubadlı şəhəri işğaldan azad edilib. Dənizçi zabitimiz Qubadlı şəhərinin azad olunması barədə Prezident, Ali Baş Komandan İlham Əliyevə məruzə edərək Qubadlı şəhərinin azad edildiyini bildirib.
Komandan vurğulayıb ki, Xocavənd rayonunun yaşayış məntəqələrinin, bir çox strateji yüksəkliklərin azad edilməsində əsl qəhrəmanlıq, igidlik nümunələri göstərən hərbi dənizçilərimiz düşmənin alınmaz qalaya çevirdiyi və onlarla igidimizin şəhid olduğu “Qızılqaya” yüksəkliyinin alınması uğrunda ağır döyüşlərdə də fərqləniblər. Hərbi dənizçilərdən 3 nəfər, biri ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, 7 nəfər “Qarabağ” ordeni, o cümlədən digər döyüş orden və medalları ilə təltif olunub.
Vitse-admiral S.Bəkirov çıxışının sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevi, Müdafiə Nazirliyinin rəhbərliyini və xalqımızı əmin edib ki, HDQ-nin şəxsi heyəti bundan sonra da ulu öndərin ideyalarına daim sadiq qalacaq, qarşıya qoyulan bütün vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcək, Azərbaycanın dövlət müstəqilliyinin daimiliyi, əbədiliyi, sarsılmazlığı naminə Vətənin çağırışına hər an hazır olacaqlar.
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələrindən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, “Zəfər” ordenli general-mayor Anar Kərimov, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru, birinci dərəcəli kapitan Nurulla Əliyev, Respublika Veteranlar Təşkilatı sədrinin müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru ehtiyatda olan polkovnik Cəlil Xəlilov, Əməkdar jurnalist, professor, siyasi elmlər doktoru Vüqar Rəhimzadə və başqaları çıxış edərək Ulu Öndər Heydər Əliyev haqqında ən səmimi sözlərini deyib, xatirələrini söyləyiblər.
Bakı Bələdiyyə Teatrı və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə Abdulla Qurbaninin “Xilaskar” poeması əsasında hazırlanmış və vizual görüntülərlə müşayiət olunan ədəbi-musiqili kompozisiya tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda bir qrup incəsənət nümayəndəsi “Heydər Əliyev İli” çərçivəsində keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə HDQ komandanlığı adından fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb, xatirə şəkli çəkdirilib.