Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
MillətinSəsi.info "Report"a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə vəkillər təqsirləndirilən şəxsin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verilib.
Müdafiəçilər daha sonra məhkəmənin qismən istintaqla aparılmasını istəyiblər.
Vəsatətlər təmin edilməyib. Məhkəmənin növbəti iclası martın 18-nə təyin edilib.
Xatırladaq ki, Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib.
Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
E.Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub.