Naxçıvan MR İqtisadiyyat Nazirliyinin strukturu genişləndirildi

 02-05-2023

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturunun genişləndirilməsi haqqında Fərman imzalayıb.

APA xəbər verir ki, Fərmanda deyilir:

“Muxtar respublikada dövlət idarəetmə strukturunun təkmilləşdirilməsi və iqtisadi artım üçün əlverişli şəraitin yaradılmasına cavabdeh olan dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təmin edilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilsin.

2. Müəyyən olunsun ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının və onların tabeliyində olan qurumların strukturu, işçilərinin say həddi, hüquqi vəziyyəti, vəzifə maaşları, əməyin ödənilməsi sistemi və xidmətkeçmə ilə bağlı hüquq və vəzifələri ilkin mərhələdə dəyişməz olaraq qalır.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

3.1. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və strukturuna daxil olan dövlət orqanlarının əsasnaməsi, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

3.2. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etsin;

3.3. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin edib Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan dövlət orqanlarının yeni əsasnamələri təsdiq edilənədək onlar öz fəaliyyətlərini mövcud əsasnamələri əsasında davam etdirsin.

Bənzər yazılar

0.13609099388123