“Son bir neçə gündə mina axtarışlarına dəstək verilməsi üçün ölkəmizə təlim keçmiş daha 5 it gətirilib”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
“2021-ci ildə ABŞ-nin Marşal İrsi institutu ilə razılaşma imzalanıb və həmin razılaşmada nəzərdə tutulan son 5 it artıq Azərbaycandadır. Bundan əlavə, yenidən ölkəyə təlim keçmiş itlərin gətirilməsi nəzərdə tutulur”, - deyə V.Süleymanov əlavə edib.
Bundan başqa, Azərbaycan Minatəmizləmə Agentliyin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov mina təhlükəsi ilə bağlı vətəndaşlara çağırış edib.
Sədr son günlər baş verən mina partlayışı hadisələrindən təəssüfləndiyini bildirib: "Ölkədə mina hadisələri davam edir. Son 1 həftə ərzində ard-arda bir neçə mina hadisəsi baş verib. Keçirdiyimiz maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara və ərazilərdə yerləşdirilmiş təhlükə nişanlarına baxmayaraq həmin ərazilərə daxil olurlar. Fürsətdən istifadə edib bir daha vətəndaşlarımıza diqqətli olmaları ilə əlaqədar çağırış edirəm. Xahiş edirəm ki, qoyulan qaydalara riayət etsinlər, işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərdən çəkinsinlər”.