Mehman Xəlilov barəsində həbs qərarı verildi: Gənclər və İdman Nazirliyi açıqlama yaydı

 02-05-2023

Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarova ağır xəsarətlər yetirərək ölümünə səbəb olan 1994-cü il təvəllüdlü Mehman Xəlilov barəsində Sumqayıt Şəhər Məhkəməsi qərar qəbul edib.

Bu barədə “Qafqazinfo.az” məlumat yayıb.

Bildirilib ki, məhkəmə Mehman Xəlilov barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Hazırda onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə açılmış işin istintaqı davam etdirilir.

İlkin araşdırmalar zamanı məlum olub ki, Mehman Xəlilov hadisədən dərhal sonra 7 yaşlı Fəridin yaxınlarına onun yıxılması nəticəsində xəsarət aldığını bildirib. Lakin qısa vaxt sonra onun sambo idman növü üzrə keçirdiyi məşqdə azyaşlılara qarşı qəddar rəftar göstərməsi üzə çıxıb və müşahidə kamerasının çəkdiyi görüntülər istintaq orqanı tərəfindən götürülüb.

Yaxınlarının bildirdiyinə görə, məşqçi hadisə baş verəndən sonra ailəyə məlumat vermədən uşağı xəstəxanaya aparıb. İlkin məlumata əsasən, orada müəllimə uşağı ixtisaslaşmış xəstəxanaya aparmaq tövsiyə edilsə də, o, Fəridi evlərinə aparıb. Uşağın ailə üzvləri onun vəziyyətinin yaxşı olmadığını görərək yenidən xəstəxanaya çatdırıblar, amma azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Hazırda idman zalında çəkilmiş digər görüntülər də araşdırılır. Mehman Xəlilovun məşqlərində iştirak etmiş digər uşaqlara qarşı da eyni rəftarın göstərildiyi  istisna edilmir. Məşqlərdə iştirak edən digər şagirdlərin valideynlərinin şikayəti və əzab verməni sübut edə biləcək görüntülər əsasında M.Xəlilov barəsində açılmış cinayət işinə Cinayət Məcəlləsinin digər maddələrinin də əlavə edilməsi mümkündür.

Qeyd edək ki, ötən gün Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. Görüntülərdən açıq-aşkar aydın olur ki, Mehman Xəlilov təkcə Fərid

Bakarova qarşı yox, məşqdə iştirak edən digər azyaşlı uşaqlara da xüsusi qəddarlıqla davranıb. Onları saçından, başından, qulağından tutaraq ayağa, havaya qaldırır, həmçinin təpiklə vurur və digər təhlükəli hərəkətlər edir.

Hazırda istintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

Bundan başqa, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarovun ölümü ilə bağlı açıqlama yayıb.

Açıqlamada azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs – Mehman Xəlilovun qanun qarşısında cavab verəcəyinə əminlik ifadə olunub:

“Gənclər və İdman Nazirliyi 2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyir. Allah rəhmət eləsin!

Son günlər mətbuatda yayılan videogörüntülərdə məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranması əks olunub. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və məşqçi Mehman Xəlilov hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Əminik ki, azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs qanun qarşısında cavab verəcək”, - açıqlamada bildirilib.

Bənzər yazılar

0.40323305130005