Kulis.az Xalq yazıçısı Qılman İlkin haqqında maraqlı faktları təqdim edir.
Qılman İsabala oğlu Musayev 1914-cü il aprelin 28-də Bakının Mərdəkan kəndində çoxuşaqlı ailədə anadan olub. Altı yaşı olanda atası dünyasını dəyişib. 1936-cı ildə indiki Pedaqoji Universitetin Dil-ədəbiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində müəllim kimi başlayıb. Daha sonra “Gənc işçi” qəzetində çalışıb və əsərləri də burada çap olunub.
Onun ulu babası XVII əsrdə Dağıstandan - Teymurxanşuradan gəlib. Ulu babası kəndirbazlar dəstəsində meydan qızışdıran olub. Mərdəkana gəliblərmiş, bir dəfə kəndirbazı əvəz eləyəndə qıçı sınıb, qərara alıb ki, daha Dağıstana qayıtmasın, qalsın Mərdəkanda. Babası İsabala xarrat olub. Ailə altı qardaş, iki bacıdan ibarət imiş. Qılman müəllimin böyük qardaşı Qurban Musayev də yazıçı olub, pyesləri səhnədə oynanılıb.
Qılman İlkin ibtidai təhsilini Zeynalabdin Tağıyevin Mərdəkanda açdığı Bağbançılıq məktəbində alıb. Bu məktəbdə ona Feyzulla Qasımzadə və Cəfər Rəmzi dərs deyiblər. Qılman İlkin Tağıyevi xatırlayarkən deyirmiş. “Tağıyev hərdən bizim məktəbə də baş çəkirdi, o qədər sadə idi ki, heç deməzdin bu, milyonçudur. Amma ömrünün son illərini əzəbla yaşadı. Nərimanov olmasaydı bolşeviklər onun qocalığına heç baxmazdılar”.
Qılman İlkin Tağıyevin məktəbini bitirəndən sonra vaxtilə “Rüşdiyyə” məktəbi adlandırılan 18 nömrəli orta məktəbdə təhsilini davam etdirib. Mərdəkan-Bakı yolu, arada xeyli məsafə olduğundan hər gün Mərdəkandan piyada Suraxanıya, oradan elektriçkaya minib məktəbə gəlirmiş. Düz beş il beləcə piyada yol gəlib. Sonralar piyada yol getməyi çox sevib. Uzunömürlülüyünün bir səbəbini də hər gün piyada yol getməyində görürmüş.
1929-cu ildə, orta məktəbi qurtarmağına bir il qalmış 15 yaşında ikən Xaçmaz rayonunun Əhmədoba kəndinə müəllim göndərirlər. Məktəb köhnə bir binada yerləşirmiş. O, kənd sovetinin sədri işləyən bir cavan oğlanın evində qalır. Həmin illər sinfi mübarizə illəri olduğundan sovet hakimiyyəti qurulandan sonra kəndin varlıları dağlara çəkilmişdilər. Günlərin birində Qılman müəllim kitab-dəftər almaq üçün Bakıya getməli olur. Qayıdanda isə gəlib görür ki, bütün kənd matəm içindədir. Həmin cavan oğlanı - kənd soveti sədrini qolçomaqlar gecə ikən öldürüblər. Qılman müəllimin həmin gecə kənddə olmaması isə yaxşı təsadüf olub. Çünki arada ona da xəbər göndərmişdilər ki, səni də öldürəcəyik, qızlarımızı məktəbə çəkmisən. Qılman İlkin oradakı dərs ilini başa vurandan sonra Bakıya qayıdır. İllər keçəndən sonra o kənddə başına gələn əhvalatları “Ömrün oğlan çağları” povestində qələmə alır.
Müəllimlik fəaliyyətindən sonra APİ-nin dil-ədəbiyyat fakültəsində təhsilini davam etdirir, həm də “Gənc işçi” qəzetində işə düzəlir. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn və başqaları ilə hələ gənc yaşlarından şəxsi tanışlığı, dostluğu olub.
Onun ən çox bəyəndiyi, sevdiyi şair Mikayıl Müşfiq olub. Müşfiq tez-tez onun işlədiyi “Gənc işçi” redaksiyasına gəlirmiş. Qılman İlkin Müşfiq haqqında danışanda hər zaman kövərələrmiş. Müşfiqlə bağlı xatirələrinin birində deyir: “Müşfiq üç barmağını büküb şeir oxuyurdu. Heç kim Müşfiq kimi şeir oxuya bilməzdi. Səsinin cazibəsi hamını heyran edirdi. Onu alqışlara qərq edirdilər. Süleyman Rüstəm də çox tanınırdı, çünki proletar şairiydi, əsasən ictimai-siyasi məzmunlu şeirlər oxuyurdu. Amma Müşfiq məhəbbətdən, gözəllikdən şeir oxuyurdu, uşaq kimi xasiyyəti vardı, gözlərinə baxanda ürəyini görərdin. Müşfiq “Gənc işçi” qəzetinə ona görə tez-tez gəlirdi ki, sevdiyi qız - Dilbər hər gün Darülmüəllimatdan çıxıb üzüaşağı gəlirdi. Müşfiq onun gəldiyini görüb EA-nın önündə onu qarşılayırdı. Dilbər doğrudan da çox gözəl idi. Elə gözəl idi ki, dönüb arxasınca bir də baxırdın. Müşfiq onu çox sevirdi, həm də qısqanırdı. Müşfiqin çılğınlığı, emosionallığı barədə çox yazıblar. Nöqsanları görən gözü yox idi. Bir dəfə, APİ-də oxuyanda bizi onun dərs dediyi məktəbə-praktikaya aparmışdılar. Dərs zamanı küləyin təsirilə pəncərə açıldı. Müşfiq şagirdlərinin birinə dedi ki: “Get, bağla pəncərəni, Sovet hökumətinin düzəltdiyi pəncərə bundan artıq olmaz ki”.
1936-cı ildə APİ-ni bitirir. Bu elə illər idi ki, yavaş-yavaş repressiya tufanı əsməyə başlayırdı. İnstitutun partkomu Budaqyan adlı bir erməni olur. O, hətta belə bir şüar da yazıb divara yapışdırmışdı: “Yoldaşını ifşa elə!”. Budaqyan bir neçə dəfə Qılman müəllimi yanına çağırır. Buna səbəb isə Müşfiq tutulmamışdan əvvəl Qılman İlkinin onun uşaq şeirləri haqqında məruzə etməsi olub. Əli Nazimin və Ağamməd Abdullayev adlı müəlliminin zəmanətindən sonra onun aspiranturada qalmasına icazə verilib.
İnstitutda III-IV kurslara dərs deyəndə. Gecə-gündüz oxuyurmuş ki, tələbələrin yanında pərt olmasın. İsmayıl Şıxlı, Böyükağa Qasımzadə, Tələt Əyyubov, Əziz Mirəhmədov, Zeynal Cabbarzadə Qılman İlkinin tələbələri olub.
O, ədəbi yaradıcılığa bir publisist kimi başlayıb, “Ədəbiyyat qəzeti”ndə tənqidi məqalələri dərc edilib. Amma bədii yaradıcılığa 1943-cü ildə - “Yaralı şahin” adlı hekayə ilə gəlib. Sonra Nəcəfbəy Vəzirovun uşaqlıq və ilk gənclik illərindən bəhs edən “Həyat yollarında” adlı povestini çap etdirib. Əllinci illərin sonlarına qədər onun bir neçə hekayələr kitabı işıq üzü görüb. Onun bir yazıçı kimi məşhurluğu isə “Şimal küləyi” və “Qalada üsyan”, “Yetimin ölümü” romanları ilə başlayıb. “Şimal küləyi”ndə Qılman İlkin Şura inqilabına qədərki Bakını, burada baş verən hadisələri təsvir edir.
Yaradıcılığının ilkin dövrlərində Qılman Musayev adı ilə çap olunub. Ancaq onun qardaşı Qurban Musayev də yazıçı olduğundan və çox zaman qəzetlərdə hər iki yazıçının ancaq baş hərfləri çap olunduğundan qardaşı ilə adı qarışıq düşür. Bu zaman onun adına gələn qonarar qardaşına, qardaşının adına gələnlər isə ona çatırmış. Bu dolaşıqlığı aradan qaldırmaq üçün o, özünə İlkin təxəllüsünü götürür.
Müharibədən sonra yazıçı “Töhvə” adlı hekayəsini “Komunist” qəzetinə Əli Vəliyevə təqdim edir. Hekayəni oxuyan Əli Vəliyev onu dərc etməkdən imtina edir. Bəhanə kimi isə hekayədəki Lenin obrazının lazımi qədər işıqlandırılmaması olur. Bundan sonra Əli Vəliyev Mərkəzi komitənin ideologiya üzrə katibinə müraciət edir. Katib onları Mircəfər Bağırovla görüşdürür. Bağırovun işarəsi ilə Qılman İlkin böyük təşvişlə hekayəsini Mircəfər Bağırova oxuyur. Bundan sonra Mircəfər Bağırov Qılman ilkinə baxıb ondan soruşur: “Vətən yolu” qəzetində daşnakların əleyhinə məqaləni sən yazmısan? “Bəli” cavabın alandan sonra Bağırov üzünü Əli Vəliyevə tutub deyir: Onun hekayəsini dərc edin.
Qılman İlkin 1974-cü ilə qədər Azərnəşrdə baş redaktor, “Azərbaycan” jurnalında baş redaktor, Azərnəşrin direktor kimi vəzifələrdə işləyib. “Azərnəşr”ə direktor təyin olunandan sonra nəşriyyatın portfelini yoxlayır. Görür ki, Mehdi Hüseynin “Yeraltı çaylar dənizə axır” əsəri nəşriyyatın portfelində yatıb qalır. Müsahibələrinin birində deyir: ““Yeraltı çaylar dənizə axır” əsərini oxudum, çox xoşuma gəldi. Qərara gəldim ki, əsər mütləq nəşr olunmalıdı. Bu yandan da rəhmətlik Mehdi Hüseyn yanıma gəlib deyir ki, filan - filan istedadlı yazıçılara kömək et. Dedim, ay Mehdi müəllim, siz onun - bunun xahişini edirsiniz, ancaq öz əsəriniz nəşriyyatda yatıb qalır, bəs onun xahişini kim edəcək? Onun bir cür gülümsünüb “əh” eləməyi var idi, eləcə əlini yelləyib “əh” elədi”.
Qılman İlkin “Yeraltı çaylar dənizə axır” əsərində bir sıra “məqamlar”ın olmasına baxmayaraq əsəri çap etdirir. Hətta Mehdi Hüseyn ona deyir ki, əsərdə elə yerlər var ki, onlara görə sənin başın ağrıya bilər. Ancaq Qılman İlkin heç nədən qorxmadan bu əsəri çap etdirir.
Qılman İlkin 1963-1966-cı illərdə “Azərbaycan” jurnalının baş redaktoru vəzifəsində çalışıb. “Azərbaycan” jurnalına baş redaktor təyin olunduqdan sonra bir sıra islahatlar aparır. Əhəmiyyətli yazıçıların çap olunmasına diqqəti artırır. O, öz müsahibələrinin birində deyir:
“Bir çox gərəkli, çap olunmalı yazılar ləngidilirdi, jurnalda pis mənada ənənəçilik hökm sürürdü. Halbuki, jurnalda Əli Kərim, Yusif Səmədoğlu, İsa Hüseynov, Əliağa Kürçaylı kimi istedadlı qələm sahibləri çalışırdı. Bir çox əsərlər vardı ki, Əbülhəsənin seyfində yatırdı. Məsələn, İlyas Əfəndiyevin “Dağlar arasında üç dost” romanı... Dərhal mətbəəyə göndərdim. İlyas Əfəndiyev günlərin birində yanıma gəldi. Ona dedim ki, əsərini göndərmişəm çapa, növbəti nömrədə oxuyarsan. İnanmadı.
Qılman İlkin Ənvər Məmmədxanlı ilə möhkəm dost olub. Onunla dostluğu otuzuncu illərdən başlayıb. Qılman müəllim deyirmiş ki, mən heç bir yazıçının, şairin dəfnində ağlamamışam, göz yaşlarımı saxlamışam, amma Ənvər Məmmədxanlının ölüm xəbərini eşidəndə özümü saxlaya bilmədim. Çünki Ənvər Məmmədxanlı mənim nəzərimdə fövqəladə insan idi.
Qılman İlkin 2009-cu il noyabrın 6-da ürək çaışmazlığından 96 yaşında vəfat edib. II Fəxri xiyabanda dəfn olunub.