Tərtərin Dəmirçilər kəndini sel basıb.
APA-nın xəbərinə görə, dağlardan gələn sel suları evlərə dolub. Fərdi təssərrüfatlara ciddi ziyan dəyib, əkin sahələri su altında qalıb.
Sel sularının qarşısını almaq üçün təxirəsalınmaz işlər görülür. Tərtər Rayon Fövqəladə Hallar Komissiyası əhaliyə dəyən ziyanı hesablayır. FHN-in texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub.
Bundsn başqa, güclü yağış və dolu Goranboy rayonunun bir sıra kənd və qəsəbələrində fəsadlar törədib.
Goranboy rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sel sularının daşması nəticəsində fərdi yaşayış evlərinə, həyətyanı sahələrə, avtomobillərə və təsərrüfatlara ziyan dəyib.
Eyni zamanda çaylarda suyun səviyyəsi yüksəlib.
Hazırda Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası güclü yağış və dolu yağması ilə yaranmış sel nəticəsində vətəndaşlara dəymiş ziyanın miqyasının müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması ilə bağlı işlər davam etdirir.
Həmçinin, Şəkinin bir neçə kəndinə yağan dolu təsərrüfatlara ziyan vurub.
Axşam saatlarından başlayaraq rayonun Böyük Dəhnə, Kiçik Dəhnə, Şorsu və Aşağı Layısqı kəndlərinə dolu düşüb.
Yağıntı nəticəsində bəzi təsərrüfatlara və meyvə ağaclarına ziyan dəyib. Güclü külək nəticəsində adıçəkilən kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb, bir neçə saat sonra elektrik enerjisinin verilməsi bərpa edilib.
Onu da qeyd edək ki, Zaqatalaya diametri 25 mm olan dolu düşüb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, aprelin 30-u saat 16:00-a olan məlumatına əsasən, Daşkəsən, Göygöl, Gəncə, Şahdağ, Cəfərxan, Altıağac, Beyləqan, Sabirabad, Zərdab, Yardımlı, Lerik, Astara, Neftçala, Kürdəmir, Mingəçevir, Lənkəran, Qəbələ, Balakən, Qax, Göyçay, Qobustan, Zaqatala, Ləzə, Xınalıq, İmişlidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan leysan yağış nəticəsində Goranboy rayonu Böylü qəsəbəsi, Gürzalılar kəndindən sel keçib.
Dolu: saat 13:10-13:14 radələrində Gəncə şəhərinə diametri 12 mm, Goranboy rayonu Aşağı Ağcakənd ərazisinə, saat 14:30-14:45 radələrində Goranboy rayonunun Muzdurlar və Dəliməmmədli qəsəbəsinə 12-13 mm, Erkək-mənəş, Gürzalılar, Rusbarisi kəndlərinə, saat 15.38-15.51 radələrində Zaqatala rayonu, Muxax, Çobankol, Car kəndlərinə 22-25 mm, Lənkəran rayonuna saat 15.13 radələrində 12 mm olan dolu düşüb.