Laçında qoyulan son nöqtə: Zəngəzur dəhlizinə açılan qapı 

 29-04-2023

Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurdu. Beləliklə, Ermənistan ərazisindən Qarabağa qanunsuz silah-sursat, şəxsi heyət daşınması imkanlarına birdəfəlik son qoyuldu. Bütün dünya Prezident İlham Əliyevin timsalında Azərbaycanın milli məsələlərdə heç bir güzəştə getməyəcəyinin bir daha əyani şahidi oldu. 

Azərbaycan Gorus-Xankəndi yolunun Laçın rayonuna giriş hissəsində sərhəd-buraxılış məntəqəsi qurmaqla böyük hədəflərindən birini reallaşdırmış oldu.

Artıq nəzarət postunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları qoruyur və onlar qanun pozuntularına yol verərək ərazilərimizə qeyri-qanuni keçmək istəyənlərə atəş açmaq səlahiyyətinə malikdirlər.

Heç kim həmin atəşi sorğulaya, mühakimə edə bilməz, çünki sərhədlərin mühafizəsi Azərbaycanın suveren hüququdur.

Sərhəd rejiminin Laçında da bərqərar olması mühüm hadisədir və gələcək üçün Zəngəzur dəhlizi ilə bağlı sualları da aydınlaşdıran amilə çevrilir.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Laçındakı “dəhliz” yox oldu

Hələ 2021-ci il dekabrın 14-də Prezident İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə Brüsseldə görüş zamanı belə bir fikir səsləndirdi: “Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır”. Lakin vaxt irəlilədikcə Laçın yolundakı dəhliz məntiqi tədricən aradan qalxdı və Azərbaycanın şərtləri ön planda tutuldu. Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistanı Qarabağla birləşdirən yol üzrə manipulyasiyaları sıfırladı.

Mart ayında keçirilən və itkisiz nəticələnən hərbi əməliyyatlarla Azərbaycan Ordusu Laçın yolundakı bir sıra hakim yüksəkliklərə nəzarəti bərpa etməklə sərhəd məntəqəsinə yol açdı.

Ermənistanın şansı qalmadı

Laçın yolunda postun qurulması ilə Azərbaycan Zəngəzur dəhlizinin rejiminin müəyyən edilməsində də həlledici rol oynayacağını göstərir. Yəni Zəngəzur koridorunun işləmə mexanizmi ya Azərbaycanın şərtləri əsasında Ermənistanın xoşu ilə müəyyən ediləcək, ya da Laçın dəhlizi də olmayacaq. Hər iki yol Prezident İlham Əliyevin də dediyi kimi eyni rejimdə fəaliyyət göstərəcək. Əgər Ermənistan Laçın yolundakı keçidin sərhəd-buraxılış məntəqəsi olmadan fəaliyyət göstərməsini istəyirsə, Zəngəzur dəhlizi ilə bağlı da bunu düşünməlidir. Və yaxud Zəngəzur dəhlizində sərhəd-buraxılış məntəqəsi olacaqsa, onda Laçın yolunda da eyni rejim tətbiq ediləcək. Yəni Azərbaycan açıq şəkildə göstərir ki, 30 il torpaqlarımızı işğalda saxlayan, şəhərlərimizi yer üzündən silən, son müharibəni uduzan, imzasına hörmətlə yanaşmayan Ermənistanın nazı ilə oynamaq fikrində deyil.  

Zəngəzur dəhlizinin açılmaması ehtimalı isə yoxdur, çünki Azərbaycan koridorun öz ərazisindən keçən hissəsində nəhəng işlər görüb ki, bu da məsələnin ciddiliyindən və strateji əhəmiyyətindən xəbər verir. İndi isə top Ermənistandadır.

Ermənistan heç olmasa Laçın yolundakı hadisələrdən və Azərbaycanın ata biləcəyi digər ciddi addımlardan dərs çıxarıb koridorun öz ərazilərində tikintisinə başlamalıdır.

Burada məsələdən yayınmaq söhbəti yoxdur, çünki Azərbaycan zaman keçdikcə İrəvanın qeyri-müəyyən mövqeyini təkrarlamasını vaxt qazanıb öhdəliklərdən qaçmaq kimi qiymətləndirir.

Ermənistan onun üçün təyin edilən və məcbur qaldığı vəzifələrin icrasından yayındıqca regional ab-hava da kəskinləşir. Prosesləri Azərbaycan-Türkiyə tandeminə qarşı çevirmək istəyənlərin əllərinə erməni kartını götürərək regionun suyunu bulandırması cəhdi təbii ki, Bakı üçün qəbuledilməzdir.

Regional və beynəlxalq zərurət

Zəngəzur dəhlizi iqtisadi olmaqla yanaşı, həm də geostrateji layihədir. Onun açılması regional və beynəlxalq zərurətlərdən irəli gəlir. Azərbaycan həmin zərurətlərdəki şərtləri formalaşdıran tərəf kimi çıxış edir və İrəvan mütləq şəkildə özü üçün də açılan qapıları qiymətləndirməlidir.

Fürsət var ikən Ermənistan regional kommunikasiyaların açılmasını sürətləndirən addımların həmmüəllifi olmalıdır. Əks təqdirdə, Azərbaycan-Türkiyə müttəfiqliyi və bunu dəstəkləyən aktorların təzyiqləri altında inildəyəcək, elə dəhlizin ortasında boğulacaq.

Laçındakı postdan sonra Zəngəzur dəhlizi üzrə yol xəritəsi Azərbaycanın strateji irəliləməsinə qarşı olan gücləri də aktivləşdirəcək.

Ancaq yuxarıda qeyd etdiyimiz kimi, bu dəhliz strateji zərurətlərdən irəli gəlir və onun qarşısının alınması cəhdləri regiondakı od-alovu daha da şiddətləndirə bilər.

Azərbaycan qeyri-sabitliyin, hərbi eskalasiya yarada biləcək təhdidlərin aradan qaldırılması üçün müttəfiqi Türkiyə və tərəfdaşları ilə birgə işləyəcək. Bu, Azərbaycandan başqa ona dəstək olan və enerji siyasətinə ehtiyac duyan ölkələr üçün də vacibdir. Çünki sərhəd təhlükəsizliyi Azərbaycandan başlayan neft və qaz yataqlarının, nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin olunmasında getdikcə daha çox əhəmiyyət kəsb edir. 

Bənzər yazılar

0.30474495887756