Azərbaycanın pasport silahı və Qarabağ ermənilərinin taleyi

 28-04-2023

Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsində pasport yoxlanışı köşkü qoyulub.

Bunun Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin ölkənin ictimai-siyasi həyatına qaynayıb-qarışması üçün həlledici və son akt kimi dəyəri var.

Pasport yoxlanışı köşkü Ermənistanın Azərbaycanın geostrateji portfelini sabotaj etmək cəhdlərinin üzərindən qalın bir xətt çəkəcək.

İrəvanın Qarabağda yaşayan ermənilərin təhlükəsizlik məsələləri ilə bağlı manipulyasiya etmək imkanının qarşısı ona görə alınır ki:

1. Azərbaycan Gorus-Xankəndi yolunun Laçına düşən hissəsində qurduğu postla öz ərazilərinə keçidə hüquqi nəzarət edəcək;

2. Pasport köşkündə keçid edən şəxslərin pasportları yoxlanılacaq, yəni artıq Azərbaycan ərazilərindəki separatçı rejimin qondarma pasportlarının tamamilə yığışdırılması həyata keçiriləcək.

Çünki pasport yoxlanışı zamanı saxta pasportlar tanınmır, onlara möhür vurulmur və beləcə, Qarabağdakı ermənilər üçün ya Azərbaycanın, ya da Ermənistanın pasportlarını qəbul etməkdən başqa çarə qalmır.

İki seçimdən biri ermənilərin gələcək taleyini müəyyən edir. Əgər Azərbaycanın şəxsiyyət vəsiqələrini və ümumvətəndaşlıq pasportlarını qəbul etsələr, onların inteqrasiyasındakı maneələr aradan qalxacaq.

Əgər onlar Ermənistan pasportlarının daşıyıcısı olmaq istəyirlərsə, onda Azərbaycan ərazilərini tərk etməlidirlər. Bu versiyada onların Azərbaycan ərazilərinə giriş-çıxışı yalnız sərhəd-gömrük prosedurları əsasında baş tuta bilər – qısası, gələcəkdə uzağı turist kimi ərazilərimizə daxil ola bilərlər.

Ancaq sular hələ tam durulmayıb və onu bulandırmaq üçün yəqin ki, bəzi qüvvələr götür-qoy edirlər. Azərbaycan Qarabağdakı ermənilərin hüquqlarının müdafiə edilməsi bəhanəsi altında fəallaşa biləcək qüvvələrə qarşı kontr-plan hazırlaya bilər.

İlkin növbədə Azərbaycan genişmiqyaslı planlarını reallaşdırmaq üçün tərəfdaşları ilə əlverişli razılıqların əldə edilməsinə çalışmağı qarşıya məqsəd qoyur.

Ancaq bu diplomatik-siyasi gedişlər bütün ölçüləri ilə mütləq nəticə verməyə bilər, ona görə də Azərbaycan ikinci və diktəedici variant kimi hərb variantını gündəlikdə saxlayır.

Təcrübədən çıxış etsək, görürük ki, Azərbaycan strategiyalarını reallaşdırmaq üçün hərbi büdcədən xərc çəkməkdə xeyli peşəkardır.

Deməli, kənar qüvvələr Azərbaycanın strategiyasını bölüşməlidir, Ermənistanın xeyri üçün şərik çıxmaq şakərindən uzaq durmalıdır.

Ona görə də indi Qarabağdakı ermənilər Azərbaycanın təcrübələrini, onun beynəlxalq partnyorlarla əməkdaşlıq sferasını və əldə etdiyi razılıqları nəzərə alıb Bakının inteqrasiya çağırışlarına yüksək qiymət verməlidirlər. 

Bunun üçün onlar növbəti dəfə Azərbaycan nümayəndələri ilə görüşməli, hətta yeri gəlsə, çağırışlara cavab olaraq, Bakıya, Gəncəyə belə gəlməkdən çəkinməli deyillər.

Rusiya sülhməramlı kontingentinin mandat və funksiyası Azərbaycanın atdığı addımlar nəticəsində məhdudlaşdıqca ermənilər artıq seçim etməlidirlər.

Seçimdə artıq manipulyasiya yoxdur, olsa, Azərbaycan itaətsizlik göstərən şəxslərə qarşı bütün ölçülər üzrə hüquqi tədbir görmək səlahiyyətindən yararlanacaq.

Aqşin Kərimov

Bənzər yazılar

0.13112592697144