Yustinian kodeksi, Ədalət və bizim Osmanlı yeniçəriləri

 28-04-2023

Polis maşın oğurlayan 3 nəfərin 3-ünü də buraxıb 4 aydan çoxdur kimin və nəyin istintaqını aparır?..

 “Heç Sizə yazmaq, Sizin və administrasiyanızdakı müvafiq əməkdaşların vaxtını almaq istəməzdim. Ələlxüsus da ölkəmizin nankor və xain qonşularımızlabu xəstə təxəyyüllü hay tayfası və yandaşları ilə taleyüklü mübarizənin az qala həlledici bir dövründə. Amma çox təəssüflər olsun ki, Sizin etimadınızı doğrulda bilməyən, əksinə, ondan sui-istifadə edən bəzi kadrlar Sizin cəmiyyətə yönəlik ideoloji mahiyyətli çıxışlarınızı ya qulaqardına vuraraq, ya da dərk edə bilməməkdən qanunun yanından keçir, bununla da mən və mənim kimilərini çıxılmazlıq girdabına saldıqlarından Sizə müraciət etmək zorunda qalırıq.”  

“Mən BDU-nun jurnalistika fakültəsinin məzunuyam. 40 ildən çoxdur ki, mətbuatda çalışıram. Azərbaycan və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşam. Ömrüm boyu haqqı tapdananların haqqının carçısı olduğum halda, bu gün öz haqqımın carçısı olmaq zorundayam və  ədalətin bərpası üçün Sizdən yardım ummaq məcburiyyətində qalmışam…”

Bu mənim Daxili İşlər Naziri Vilayət Eyvazova və Baş Prokuror Kamran Əliyevə yazdığım  şikayət ərizələrinə əməli reaksiya verilmədiyindən ölkə Prezidentinə ünvanladığım məktubun ilk iki abzasıdır.

 Mən niyə Prezidentə yazmalıyam ki?..

Doğrudan da, mən niyə Prezidentə müraciət etməli, ona yazmalıyam ki? Məgər Prezidentin funksiyaları içərisində cinayət-prosessual işlərini araşdırmaq da var? Məgər cəmiyyətin ən müxtəlif təbəqələrinin ən müxtəlif müstəvidə olan problemlərini bilavastə Prezident həll etməlidir? Elə isə Prezidentin müvafiq qurumlara təyin etdiyi nazir-məmur ordusu, elə bir o qədər də onlara “bə çeşm” deyən köməkçiləri-əl buyruqçuları nə üçündür? Onlar İlham Əliyevin ölkəmizə diş qıcayan xarici düşmənlərə yönəlik yürütdüyü beynəlxalq səviyyəli uğurlu siyasətin kölgəsində daldalanmaq və baş qarışıqlığından-fürsətdən yararlanıb, necə deyərlər, bulanıq suda balıq tutmaqdan ötrüdür?

Bax məhz belələrinin yarıtmazlığı səbəbindən minlərlə insan öz problemlərinin həlli üçün dövlət işi başından aşan Prezidentə üz tutur, ondan imdad diləyirlər. Həm də etməməli ikən. Amma neyləməli, min bir qanunsuzluqla,  özbaşınalıqla  üzləşən zümrə bu ölkənin lap təpəsindəki adama-Prezidentə səslənməyə zorlanır və beləcə hakimiyyətlə xalq arasında süni narazlıq, xaos yaranır.

Yeri gəlmişkən qeyd edim ki, hər il Prezident Administrasiyasına (PA) vətəndaşlardan daxil olan ərizə və şikayətlərin sayı, o ərizə və şikayətlərin hansı qurumdan olduğu açıqlanır və mediada dərc olunur. İcimaiyyətə qaranlıq qalan odur ki, haqqında ən çox ərizə və şikayətlər yazılan qurumlar və şəxslər-məmurlar  barədə PA hər hansı tədbir görürmü? Bax bu haqda ictimaiyyətə hər hansı məlumat verilmir. Amma məntiq deyir ki, tədbir görülsəydi, bu yöndə radikal addımlar atılsaydı, kardinal dəyişıkliklərin şahidi olardıq. Bu olmadıqca… Nə isə, mövzudan uzaqlaşmayaq.

Keçək mətləbə.

Kürəkənim Orxan Rzayevin lizinqlə götürdüyü və  bizim birlikdə 24 min manatdan çox pul ödədiyimiz “Daevo Gentra” markalı, 2014-cü il buraxılışlı avtomobil evimin yanından oğurlanıb (avtomobili yaşadığım ünvanın 25-30 metrliyində, Yasamal rayonundakı “Maya” klinikasının qabağında saxlamışdım və evimin qapısını açanda avtomobil görünürdü).

Qonaq getmişdik. 2 gündən sonra, yəni 2022-ci il dekabrın 8-də evə qayıdanda avtomobili yerində görmədim. Bir neçə dəqiqəlik araşdırmadan sonra DİN-in 102 xidmətinə zəng etdim. Ki, maşın oğurlanıb. 15-20 dəqiqə sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən bir polis mayoru (sonra öyrəndim ki, bu mayor təhqiqatçıdır və adı da Azərdir) və digər bir neçə əməkdaş hadisə yerinə gəldilər.

Avtomobil oğruları kamera görüntüsündə: polis onları 1,5 günə tutdu

Klinikanın kamera görüntülərini mənim iştirakımla araşdırdılar. Dekabrın 7-si saat 20 radələrində avtomobilin ətrafında 3 nəfər görünürdü. Sifətləri aydın sezilməsə də, bir nəfərin əlində 40-50 sm uzunluğunda ya dəmir, ya da ağac parçası vardı. Qapıları aça bilmir, məsləhətləşirdilər. Axır ki biri əlindəki ilə avtomobilin “fortoçka”sını sındırdı. Qapını açdılar. Daha sonra maşını qaranlığa itələyib kamera görüntüsündən uzaqlaşdırdılar…

Ertəsi gün, yəni dekabrın 9-da təhqiqatçı Azər müəllim mənə zəng etdi (əlaqə üçün bir-birimizin telefon nömrələrini dünəndən almışdıq). Bildirdi ki, polis bölməsinə gəl, maşını tapıb gətirmişik. Getdim. Avtomobil 28-ci Polis Bölməsinin həyətindəydi. Sökülüb dağıdılmış, hissələrin satılanı satılmışdı…

Az sonra məlum oldu ki, oğrular da bölmədədir. Orxan (kürəkən) və mən təhqiqatçıya izahatlar yazdıq. Bizi rəis müavininin (kabinetin qapısına “Rüstəmov” yazılmışdı) otağına çağırdılar. Oğrunun birini də gətirdilər. Adı Mirəddin idi – Mirəddin Əhmədov.

Biz sonra bayırda polis əməkdaşlarının əhatəsində olan iki nəfərlə də tanış olduq. Bunlar oğurlanmış maşının yükləndiyi evakuator sürücüsü Səhriyar Fərmanov və oğurlanmış maşını sökmək üçün gizlətdikləri evin sahibi və deyilənə görə həm də Mirəddinin bacısının əri idi. Bunları görəndə klinikanın kamera görüntüləri gözüm önünə gəldi: Eynən bunlar idi. Biz burada hətta Mirəddinin atası ilə də danışdıq. Oğlunun 10 gün olar evləndiyini, evdəkiləri aldatdığını və olaydan təəssüfləndiyini bildirirdi.

…Rüstəmov daha sonra 156 çağırışlı evakuator xidmətinin sürücüsü Şəhriyarı dindirdi. Sənədsiz avtomobili həm də şüşəsini sındıraraq qapısını açıb niyə aparmasına aydınlıq gətirə bilməsə də… aydın oldu ki, bu da Mirəddinlə qonşu imiş (Qeyd edim ki, əməliyyatçı polis əməkdaşları oğruları məhz 156 çağırışlı evakuator avtomobilinin Şərifzadə küçəsində kamera görüntüsünə görə yaxalaya biliblər). Təhqiqatçı Azər müəllim Rüstəmovun kabinetində uca səslə onları mütəşəkkil oğru dəstəsi adlandırdı və “qruppavoy” oğurluğa görə hərəsinin ən azı 7 il həbs yatacaqlarını hökm kimi üzlərinə oxudu…

Hətta bölmənin həyətində olarkən digər polis əməkdaşları da bu oğru dəstəsinin üzvlərinə qrup halında cinayət törətdiklərinə görə cəzalarının ağır olacağını deyirdilər (mən sonra biləcəkdim ki, bunlar hamısı onlarda qorxu yaratmaq üçün edilən psixi həmlə imiş).

Məzhəkənin ssenarisi: süründürmə, aç-burax və… qara-qura fikirlər

Oxucuların diqqətinə çatdırım ki, bura qədər yazılan təhkiyəni Yasamal rayon hüquq-mühafizə orqanları əməkdaşlarının bir cinayət işi ətrafında hazırladığı məzhəkənin proloqu və ya sadəcə dekorasiya da adlandırmaq olar. Zənn edirəm, ardını oxuduqda buna hər bir oxucu əmin olacaq.

…Az sonra təhqiqatçı Azər müəllim məni kabinetinə çağırdı. Nə istədiyimi soruşdu. Anlamadığımı dedim. İzah etdi ki, sənə dəyən zərərin qarşılanmasını istəyirsən, yoxsa… bu adamların həbsini? Təbii olaraq mən mənə dəyən zərərin ödənilməsini istədiyimi bildirdim. O, “sənə dəyən zərər ödəniləcək”- dedi.

Arxayın idim ki, polislərimizin operativliyi və fədakarlığı sayəsində cinayətkarlar cəzasına çatacaq, mənə dəyən zərər ödəniləcək. Amma… sən saydığını say-deyiblər. Bəli, ciddi yanılmışdım…

Bir ay vaxt ötdü. Bu səssizlikdən narahat olub işin nə yerdə olduğunu öyrənmək üçün Azər müəllimə zəng etdim. –“Artıq mənlik bir iş yoxdur, mən təhqiqat işlərini tamamladım və göndərdim müstəntiqə. Səni ora-Yasamal Rayon Polis İdarəsinə çağıracaqlar”- dedi.

Günlər keçdi, həftələr ötüb ay oldu, amma məni heç kim çağırmadı…

Onda mən müstəntiqin telefon nömrəsini tapıb özüm ona zəng etdim. Hələ rəsmiləşdirilməsə də oğurlanan avtomobilin sahibi olduğumu, şikayətçi də mən olduğumu bildirdim. -“Hələ istintaq davam edir, vaxt var, izahat üçün səni də çağıracağam”- dedi.

Bir neçə günlük təkidimdən və bir neçə dəfə zəngimdən sonra nəhayət polis baş leytenantı, müstəntiq Kamran Namazovla görüşdük.

Və zəng etdiyimə, görüşdüyümə peşman oldum. Niyəsini yazım: Müstəntiqdən eşitdiklərim məndə tək və qəti qənaət yaratdı – Azərbaycan cəmiyyətində hüquq-mühafizə orqanları haqqında yumşaq desək, neqativ, qara-qura fikirlər məhz belə çirkin əməllərdən-korrupsiyadan-vəzifə səlahiyyətlərindən sui-istifadədən qaynaqlanır.

Burada müstəntiqdən öyrəndim ki, oğrulardan yalnız Mirəddin Əhmədov adlı şəxs həbs olunub və hazırda Kürdəxanıdakı həbsxanadadır. Digər iki nəfər isə ümumiyyətlə həbs olunmayıb, azadlıqdadır.

Polislə izlədiyimiz kamera görüntülərinin polis bölməsində gizlədilməsi

Müstəntiq qalan iki şəxsin həbsi üçün təhqiqat materiallarında heç bir əsasın olmadığını bildirdi. Bəs polislərin və mənim kameranın monitorunda seyr etdiyimiz görüntülər? Bəs gecə qaranlığında maşının başına pərvanə kimi fırlanan 3  nəfər və bu 3 nəfərdən birinin avtomobilin şüşəsini sındırıb qapını açması?

Kamran Nəcəfov qətiyyətlə onda heç bir kamera görüntüsü olmadığını söylədi: -“Mən istintaqı təhqiqat materialları əsasında aparıram, orada kamera görüntüsü deyilən bir şey yoxdur”.

Maraqlıdır, deyilmi? Əgər mən təhqiqat materiallarına düşməyən, daha doğrusu, gizlədilən hallardan-konkret kamera görüntülərindən, orada oğurluq edənin 3 nəfər olduğundan bəhs edirəmsə, “bunu mən və polislər gözlərimizlə görmüşük, birgə izləmişik” deyirəmsə, onda müstəntiq bu faktların üstündən niyə və nə üçün sükutla keçir? Niyə faktı araşdırmır? Elə isə müstəntiqin bu hərəkətinə, daha dəqiqi, bu hərəkətsizliyinə nə ad vermək olar?..

Prosesin haraya yön aldığını özüm üçün yəqinləşdirib, “bəs mənə dəyə zərər necə olacaq”-deyə soruşdum. “İndi vaxt yoxdur, səni bir gün çağıracam, gəlib izahat yazarsan. Sonra çalışacam ki, onları məhkəməyə qədər səninlə görüşdürüm və onlar sənə müəyyən məbləğ ödəsinlər. Yoxsa məhkəmədə sən dirənsən, işləri ağır olar-dedi- mən bu barədə prokurorla da məsləhətləşmişəm…” (Yasamal rayon prokurorunu nəzərdə tuturdu).

Mən razılaşmadığımı, daha yuxarı instansiyalara – baş prokuror Kamran Əliyevə, nazir Viayət Eyvazova müraciət edəcəyimi bildirdim. Necə ola bilər ki, cinayət baş versin, amma cinayətin sübutları cinayət materiallarının arasından çıxarılsın? Çox təmkinlə və arxayınlıqla “o da sizin hüququnuzdur” dedi.

…Mən müstəntiq Kamran Namazovdan ayrılan kimi təhqiqatçı Azər müəllimə zəng etdim: -Azər müəllim, müstəntiq Kamran müəllimlə görüşdüm, cinayət işinin içindən kamera görüntülərini niyə çıxarmısınız?-soruşdum. Çox laqeydcəsinə elə beləcə də dedi: -“Ağsaqqal, orda nə vardı, qaranlıqda heç nə görünmürdü ki… Sən kameranı qoy qırağa, mənə de görüm, sənə dəyən zərər ödəndimi? Bildiyimə görə ödənməliydi axı…”

“Qruppavoy banda”nın hədələnməsinin sirri

Azər müəllimə növbəti sualımdan sonra o, həbs edilib sonradan buraxılan evakuator sürücüsü Şəhriyarı və oğurlanan avtomobilin gizlədilib söküldüyü evin sahibi, Mirəddinin yeznəsi deyilən şəxsi açıq-aşkar müdafiə edirdi: “Onlarlıq bir şey yoxdur…”. Halbuki bu təhqiqatçı oğrular həbs olunan zaman onlara “siz “qruppavoy” bandasınız, hərənizə 7 il verilər, onda ağlınız başınıza gələr” qışqırırdı…

…Bu an təhqiqatçının günlər əvvəl mənə verdiyi və həmən anlamadığım sualını xatırladım: “Sən nə istəyirsən?..” Bəli, mən çox gec bildim ki, oğrular yaxalanandan ta indiyədək polisin məqsədi cinayət işini hüquqi müstəvi pərdəsi altında öz şəxsi mənafelərinə uyğun aparmaq olub.

Cinayət cinayət doğurur: qanun keşikçiliyindən oğru keşikçiliyinə

Ehkam kimi anılmasın, yuxarıda bəhs etdiyim cinayət faktını xronoloji ardıcıllıqla izləsək, ortaya yeni bir cinayət faktının çıxdığı bəlli olur. Və belə bir mənzərə yaranır: Əməliyyatçılar istisna olmaqla bu cinayətin araşdırılmasına rəsmi və ya qeyri-rəsmi göstəriş verən səlahiyyətlilər və araşdırmaçıların hər biri dövlətin siyasətinə, cəmiyyətin münasibətinə, qanunun aliliyinə soyuqanlılıqla, heç düşünmədən tüpürənlər və… hər şeyə mədəsinin gözü ilə baxan harınlamışlardır.

Bu məqamda istər-istəməz təbii bir sual yaranır: Bu, rayon miqyaslı hüquq-mühafizə orqanları səlahiyyətlilərinin iş prinsipidir, yoxsa onlar buna sövq və ya təhrik edilirlər? Bəlkə şəxsi maddi maraq, tamah hissi onları bu kirli yola sürükləyir? Belə isə cavabsız suallar daha da çoxalır…

Müşahidələrimə əsaslanaraq inamla deyə bilərım ki, illərdir aktuallığını itirməyən bu tip sualların cavabı xalq, cəmiyyət üçün də maraqlıdır. Doğrudan da maraqlıdır… necə olur ki, onlar qorxu-hürkü bilmədən, vəzifə səlahiyyətlərini vecə almayaraq çox asanlıqla qanun keşikçiliyindən oğru keşikçiliyinə çevrilə bilirlər? Onları arxayınlaşdıran kim və ya nədir? Bəlkə qohumbazlıq? Bəlkə proteksiya? Bəlkə fərdi xislət?

Fərz edək ki, rayon polis idarəsinin rəisinin qardaşı dövlət idarəetməsində mühüm bir vəzifədə çalışır, rayon prokuroru da başqa bir mühüm vəzifəli məmurun qohumudur… (adlarını bilərəkdən yazmıram), onda nələrinsə müqabilində cinayətə göz yumulmalıdır? Bəs ölkənin qanunları? Bəs ölkə Prezidentinin etimadı? Onun hər bir məmurdan tələb etdiyi təmizlik, kristallıq və prinsipiallıq, nəhayət insanlara qayğı ilə yanaşma? (insafən, sadalanan sonuncu komponentə əməl edilir, səd heyf ki… oğrulara münasibətdə) Sadaladığım o vecə alınmadığından itirilmişləri qoyaq bir qırağa, bəs insanın öz vicdanı?

İstintaqın naşılığı, yoxsa… məhkəməyə hesablanmış “çiy yemək”?

 Nə isə, uzun məzhəkədir. Qənaətimi şərtləndirən olayın iki kiçik detalını da yazım ki, yuxarıda sadalanan suallar havadan asılı qalıb kimsədə şübhə doğurmasın.

1-ci detal. Hüquq təhsilim olmasa da bilirəm ki, (əminəm ki bunu ibtidai təhsili olanlar da bilir) avtomobili oğurlayan və Atyalı deyilən ərazidə yaşayan hər üç şəxsin günün birində Yasamala gəlib tanımaza-bilməzə binanın önündən maşın aparması mümkün deyil. Yəni  avtomobilin orada saxlanmasını, ailəmizin evdə olmamasını onlara deyən, onları yönləndirən şəriki də var. Hətta mənim iştirakımla 28-ci polis bölməsində sorğu zamanı rəis müavininin Mirəddinə ilk sualı da bu barədə olmuşdu: “Sən o uzaqlıqda Atyalıdan gəlib Yasamalda saxlanan maşının yiyəsinin evdə olmadığını hardan bilirdin?..”

…Amma sonra bu detal araşdırılmadı (bəlkə də araşdırılıb və digərləri kimi  tutularaq buraxılıb, bilmirəm). İndi sual olunur: Yəni doğrudanmı cinayət üçün əhəmiyyət kəsb edən bir mühüm detalın araşdırılmasını mayor rütbəli təhqiqatçı və baş leytenant rütbəli müstəntiq gözdən qaçırıb? Heç inandırıcı deyil…

2-ci detal. Oğrular avtomobilin nisbətən bahalı xeyli detalını  gün yarım içində söküb və həm də satıblar. Tək bu fakt təsdiq edir ki, bu cinayət əməli bir dəstə tərəfindən əvvəlcədən planlaşdırılıb və həyata keçirilib. Əks təqdirdə avtomobilin bu qədər hissəsinin az bir vaxtda sökülüb həmən satılması mümkün olmazdı. Təhqiqatçı və müstəntiq isə cinayət işində gərəkli olan bu mühüm amilin-avtomobilin sökülən hissələrinin kimlərə satıldığının üstündən sükutla keçirlər. (bəlkə onlar da müəyyənləşdirilib və istintaqdan yayındırılıb, bilmirəm).

Gizlədilən kamera görüntüləri, oğruların tutulub sonradan buraxılması və üstəgəl indi qeyd etdiyim – üstündən sükutla keçilən, araşdırılmayan iki mühüm detal. Məgər belə istintaq olur?! Yəni onlar elə əmindirlər ki, bu çiy yemək kiminsə mədəsində həzm olunacaq?..

O ki qaldı təhqiqatçının və müstətiqin mənim “yuxarı instansiyalara müraciət edəcəyəm” fikrimə onların cavabına, bu, qanunauyğun istintaqın aparılmasından daha çox, tendensiyalı istintaqa rəğmən onların qanuna arxayıncasına meydan oxumasından, “get əlin hara qəlbidir ora qoy” deməsindən başqa bir şey deyil. Bunu  onların fəaliyyətinə rəğmən məntiqlə hara və necə yozsan da məhz bu fikrə gəlib çıxır.

DİN-dən və Baş Prokurorluqdan sıfır reaksiya. Labirintin başlanğıcına qayıdış

Bu eybəcərliklərdən, qanunun, haqqın göz-görəsi tapdanmasından, təhqiqatın, istintaqın şəxsi mənafelərə uyğun tendensiyalı aparılmasından bezib də fevralın 17-də hörmətli Daxili İşlər naziri Vilayət Eyvazova  olanları detallarına qədər yazdığım şikayət məktubu ünvanladım. Fevralın 23-də məktubun ünvanına yetişdiyi barədə bildiriş qəbzi aldım. Az qala 2 ay olacaq,  amma… sıfır reaksiya.

Odur ki, bu dəfə üz tutdum Baş Prokurorluğa. Mart ayının 3-də olay haqda Respublikanın Baş Prokuroru hörmətli Kamran Əliyevə yazdığım şikayət məktubunun ünvana çatdığı haqda martın 9-da qəbz, az sonra üstəlik  cavab məktubu da aldım. Cavab məktubunda şikayət ərizəsinin araşdırılmasının Bakı Şəhər Prokurorluğuna göndərildiyi vurğulanır. Amma bu günə kimi hələ ki, bu qurumdan da reaksiya yoxdur. Yasamal rayon prokuroru isə cinayət işinə prosessual nəzarəti öz ampluasına uyğun həyata keçirməkdədir…

Bu bürokratiyaya, süründürməçiliyə, göz-görəti tendensiyaya baxmayaraq, vaxtilə “Ədalət” qəzetində çalışdığımdan hüquq-mühafizə orqanları ilə praktik tanışlıq, onların fəaliyyəti haqda yazılar hazırladığımdan içimdə bir damcı da olsa inam hissi qalmışdı.  Elə bu hisslə də  özümü ovundurub məcburən DİN-ə zəng etdim. Məktubun araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinə göndərildiyini dedilər. Ora zəng etdim və işin müstəntiq Ramin Abbasovda olduğunu bildirdilər. Ona zəng etdim və o da məni… yenidən lap əvvələ qaytardı. Bəli, inanılmaz olsa da inanılmalıdır: BŞBPİ-nin müstəntiqi məni kamera görüntülərini gizlədərək istintaqı saxtalaşdırıb birtərəfli apardıqlarından şikayət yazmağıma səbəb olanların üstünə göndərdi.

Yasamal RPİ-də İstintaq İdarəsinin rəisi Elvin Nəsibovla görüşdüm. O, hər şeydən xəbərsiz kimi tövr sərgiləyib bu işi öz nəzarətinə götürəcəyini bildirsə də, nəhayətdə yenə bu cinayət işinin istintaqını aparan və “bizdə heç bir kamera görüntüsü yoxdur” deyən (kamera görüntüləri Yasamal RPİ-nin 28-ci Polis Bölməsində gizlədilib inamındayam və təbii ki, özbaşına yox) müstəntiq Kamran Namazovla üz-üzə qaldım.

 Yalanın incə etirafı və müstəntiqdən 2-ci şok: 3 oğrunun 3-ü də azadlıqdaymış. Niyə və Nəyin müqabilində?!

Müstəntiqlə sayca ikinci görüş zamanı qanunu vecə almayan, ədalətlə janqlyorluq edən bu mənfəətpərəstlərin qurduğu bu karusel oyununda daha bir şok yaşadım. (Kamran müəllim yönləndirildiyi hüquqi prosedurları, yalnız verilən tapşırıqları yerinə yetirir zənnindəyəm). Belə ki, mən aylar əvvəl bu müstəntiqlə görüş zamanı o mənə oğrulardan yalnız 1-inin həbs edildiyini, “onun da Kürdəxanı təcridxanasında 18 nəfərlik kamerada zülm çəkdiyini” demişdi. İndi isə öyrəndim ki… 3 oğrunun 3-ü də azadlıqdaymış!!! Yəni heç biri həbs olunmayıbmış. Səbəb də… “bəzi nüanslar nəzərə alınaraq o bir nəfərin istintaqı azadlıqda ola-ola aparılır”mış. “Axı siz mənə elə deməmişdiniz” sualıma ani sükutdan sonra cavab gəldi: “Mən onun istintaq altında olduğunu demişəm…”. Mən isə bir az əvvəl yazdığım kimi, bu müstəntiqin əvvəl mənə dediklərinə istinad edərək daxili işlər nazirliyinə və baş prokurorluğa şikayət ünvanlayaraq niyə 3 oğrunun 3-ü də yox, yalnız 1-i həbs olunur deyə, necə deyərlər,  yaxamı cırırdım.

Bəli, hüquq-mühafizə orqanı əməkdaşlarının davranışından belə çıxır ki, mən oğrulardan 2-sinin buraxılıb 1-inin həbs olunduğunu yazmaqla o 1 oğrunun haqqına girmişəm. Üstəlik də onların ən yuxarı instansiyasına yalan məlumat yazmışam… Qarşılığında təskinlik üçün bu sualı yazmaqdan başqa çarəm qalmır: Bəs mənim haqqım, bəs mənim talan olunmuş əmlakım necə olsun?..

Göründüyü kimi, mənim haqqımı məni ədalət axtarışı labirintinə salan hüquq-mühafizə orqanı əməkdaşları bərpa etmir və etmək fikirləri də yox kimi görünür. DİN-ə yazıram, bir-birilərinə ötürür, konkret tədbir görən, heç olmasa hər şeyə aydınlıq gətirəcək kamera görüntüləri ilə maraqlanan, onu üzə çıxarmaq istəyən yoxdur. Baş prokurorluğa yazıram, cinayətə hüquqi müdaxilə edib qiymət verəcək əməli addım atan yoxdur. Əksinə, cinayətə dərzilik edilib hüquqa alli-güllü don geyindirilir, açıq-aşkar qarşı tərəfi – mütəşəkkil oğru dəstəsini müdafiə edirlər. Əks təqdirdə 3 oğrunun 3-ünün də bir gecədə tutulub elə həmin gün də sərbəst buraxılmasına nə ad vermək olar?! Cavabı sadəlövhlərə də bəlli daha bir sual: NİYƏ VƏ NƏYİN MÜQABİLİNDƏ?! Bu, cinayətkarlara perspektiv yaratmaq, onları cinayətə sövq etmək, həvəsləndirmək deyilmi?! Ki, gedin daha çox oğurlayın, daha çox talayın, nəyinsə müqabilində toxunulmaz qala bilərsiniz…

Sizcə bütün bunları – cinayət işinin karuselə salınması  kimi hüquqi nihilizm nümunəsi yaratdıqlarını Yasamal Rayon Polis İdarəsinin rəisi Cəmşid Əmirov, cinayət işinə prosessual nəzarəti həyata keçirən Yasamal Rayon prokuroru Elman Süleymanov bilir, yoxsa bilmir?.. Bu vakxanaliyadan onların xəbəri var, yoxsa yox? Bilməmələri inandırıcı deyil, deyilmi?..

Maşından tək maqnitofon oğurlayan içəridə, maşını bütöv oğurlayan çöldə!

 Təsəvvür edirsinizmi: bu ölkənin hüquq-mühafizə orqanı əməkdaşları bir avtomobildən yalnızca maqnitofon və ya yalnızca akkumlyator oğurlayanı  basırlar içəri, üzünə neçə il iş oxuyub “uf” demədən verirlər fələyin badına. Amma avtomobili bütöv oğurlayanları… yox, içəriyə-zada basmırlar, yuxarıda qeyd etdiyim kimi, sadəcə “sıxıb suyunu çıxardır”, həmən buraxırlar. Azmı görmüşük, oxumuşuq həyatımızın acı reallığını əks etdirən belə təzadları?.. Və çox təəssüf hissi ilə də olsa deməyə məcburam: Haqqında bəhs etdiyim konkret halla bağlı adamda belə təəssürat yaranır ki, hüquq-mühafizə orqanlarının əməkdaşları oğruları qanun qoruyucusu kimi vətəndaşın əmlakını taladığına görə yox, məhz şəxsi çıxarları üçün axtarır, tutur, sonra da… Yəni ovçuluq kimi bir şey.

 Yustinian kodeksi, Ədalət və bizim Osmanlı yeniçəriləri

 VI əsrə aid Yustinian kodeksində istifadə edilən bir anlayış var – ədalət anlayışı. Bu anlayış orada belə təqdim olunur: “ƏDALƏT- daimi və dayanıqlı olaraq hər kəsə haqqını vermək istəyidir.”

Doqmaya çevrilmiş, ictimai, fəlsəfi və hüquqi anlam daşıyan “Ədalət mülkün təməlidir” deyilən bir deviz də var. Bütün üstün cəmiyyətlərdə, ələlxüsus da qardaş Türkiyədə dövlət atributları qədər müqəddəs və yanından keçilməz keçərli bir fikirdir.

Bu iki abzasda verilən fikir və metodologiya ilə bizim hüquq-mühafizə orqanı təmsilçilərimizin, daha dəqiqi, mənim rastlaşdığım poqonluların  iş prinsipini müqayisə etməyə dəyərmi? Əlahəzrət FAKT diqtə edir deyək ki, dəyməz. Sanki bizim bəzi kabinet poqonluları Osmanlı yeniçəriləri kimi ayrı-ayrı xalqlardan yığılmış ordu toplusudur-sanki hərəsi ayrı-ayrı dinin, məzhəbin (oxu: qanunun) təmsilçisi və daşıyıcılarıdır. Bu xalqın indisi və gələcəyi onlar üçün heç bir önəm kəsb etmir.

Müstəntiq cinayət işini “sıxıb suyunu çıxardıqları” oğrunun arvadının doğmasına qədər uzada bilərmi?..

…DİN və Baş Prokurorluğun rəhbərlərinə ikinci məktub da ünvanlamışam.  Məktub ünvanına yetişib. Başqa kimə yazmalıyam ki, haqq-hüquq təmsilçilərinin haqq-hüquq yoluna qaytarılmasına əncam çəksin? Hələ ki cavab-reaksiya yoxdur. Əvvəl yazdıqlarımdan yaranan qəti qənaəti də bura yazıram: Bu qədər süründürməçilikdən, ötür-ötürdən sonra elə təəssürat yaranır ki, bu qurumlarda heç kim heç kimin kitabını oxumur. Əgər oxunsaydı, onda bu məzhəkənin ssenari müəllif(lər)inin ambisiyasınin qarşısına sədd çəkilər, rütbəsindən və ranqından asılı olmayaraq hər kim olur-olsun, Qanundan şəxsi məqsədləri üçün sui-istifadə edənlər durdurular və tutduqları oğruların “qaş-gözünə” aşiq olub onları buraxmaqla-istintaqı özlərinin mənafeyinə – mədələrinin şirəsinə uyğunlaşdırıb aparanlar cəzalandırilardılar. Əksinə, bu dəqiqə onlar mütəşəkkil oğru dəstəsi üzvlərinin (bəli, təhqiqatçı vaxtilə məhz belə deyirdi və düz deyirdi) necə deyərlər, “sıxıb suyunu çıxarandan” sonra “qanun naminə” məhkəmə baxışına göndəriləcək tək bir oğruya da toz qondurmamaq üçün “ölü sənəd”, yəni yüngülləşdirici faktorlar hazırlamaqla məşğuldurlar. Güman etmək olar ki, müstəntiqə cinayət işinin istintaqını acı bağırsaq kimi uzatmaq tapşırığı verənlər həbs olunan şəxsin işini yüngülləşdirmək üçün onun arvadının 5-6 aylıq hamiləliyə çatmasını gözləyirlər – müstəntiqin birinci görüşümüzdə özünün izhar etdiyi fikir məhz bu mənaya gəlirdi. Və bu qədər kombinatorluq görəndən sonra istər-istəməz xəyal edirəm ki, bu istintaqçılar oğrunun işini lap daha çox yüngülləşdirmək üçün istintaqı hətta onun arvadının doğmasına qədər uzada bilərlər. Ki, körpə uşağı da var. Bunlardan nə desən çıxar… Necə kiqrup halında edilən mütəşəkkil cinayəti bir nəfərə yükləyib istintaqı daha yüngül maddə ilə fiksə edir, bahalı bir transfer əməliyyatı həyata keçirib işi ucuzlaşdırırlar (oxu:kiçildirlər), onu da edərlər.

Yoxsa… avtomobil oğurlayan 3 nəfərdən 3-ünü də azad buraxıb onlardan yalnız 1-inin istintaqını dövlət çevrilişinə cəhddə suçlandırılanların, mütəşəkkil terror dəstəsinin dövlət adamlarına sui-qəsdində və digər ağır cinayətlərdə günahlandırılanların istintaqı kimi niyə bu qədər uzadırdılar ki?..

Son olaraq qeyd edim ki, mən həbs olunmalı oğruların nəyin müqabilində və niyə buraxılmasına, istintaqın  nədən oğruların xeyrinə aparılmasına zəmin olan bir mühüm detalı da bilirəm və Fakt-Sübuta əlim çatmadığı üçün indi açıqlaya bilmirəm. Bunu ərizə ilə müraciət etdiyim instansiyalara da yazdım. Reaksiya verən olmadı. Yenə deyirəm: Əgər onlarda-baş prokurorda və daxili işlər  nazirində bunu bilmək istəyi yaranarsa, rüşvət və korrupsiya faktının sübutları anındaca təsdiq oluna bilər.    

Nəhayət, Haqqın və Ədalətin təcəllə etməsi yolunda mən bu başgicəllədirici, ürəkbulandırıcı karuseldən qurtula, labirintdən çıxa biləcəmmi, bu qalıb baş prokuror Kamran Əliyevin və Daxili İşlər naziri Vilayət Eyvazovun insafına. Bəli, biz məhz belə bir cəmiyyətdə yaşayırıq – adam kimi yaşamımız qanundan yox, ayrı-ayrı vəzifəli şəxslərdən asılıdır. Mən bunun canlı şahidiyəm.

P.S. Hələ də rəsmən özəlləşdirə bilmədiyim, lizinqlə 24 min manatdan çox pul ödənilən, sökülüb-dağıdılmış, müstəntiqin deməsinə görə, ekspertin “10500 manatlıq zərər” qiyməti qoyduğu “skelet” avtomobil isə “istintaq gedir” deyə dekabrın 9-dan 28-ci polis bölməsinin həyətində “böyrü üstə” qalıb.

 

 Qəmbər Yusif

Bənzər yazılar

0.133465051651