Aprelin 21-də baş verən güclü külək nəticəsində bir neçə məktəb və bağçaya ziyan dəyib.
Lənkəran-Astara Regional Təhsil İdarəsindən APA-ya bildirilib ki, Cəlilabad və Masallı rayonunda güclü külək və dolu ilə müşahidə edilən qasırğa zamanı bəzi təhsil müəssisələrinə ciddi ziyan dəyib.
Belə ki, rayonun Uzuntəpə kənd 1, Privolnoye kənd 1 nömrəli və Komanlı kənd tam orta məktəblərinin tədris və yardımçı binalarının dam örtükləri, pəncərələri və bəzi taxta konstruksiyalarına ciddi ziyan dəyib.
Şəhər 5 nömrəli ümumi orta məktəbin isə dam örtüyünə qismən ziyan dəyib.
Masallı rayonu Təzə Alvadı kənd uşaq bağçasının dam örtüyü yararsız vəziyyətə düşüb (dam örtüyü uçub). Güclü küləklə yanaşı yağan leysan yağış bağçanın tədris və yataq otaqlarına da ciddi ziyan vurub.
Qeyd edək ki, Təzə Alvadı kənd uşaq bağçası 1988-ci ildə tikilib istifadəyə verilib. Hazırda bağçada 60 uşaq olmaqla 3 qrup fəaliyyət göstərir. İstifadəyə verildikdən sonra bağçada cari və ya əsaslı təmir aparılmayıb.
Eyni zamanda külək nəticəsində Sığıncaq kənd tam orta məktəbin idman zalının dam örtüyü və Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbin qazanxanasının üstü uçub.
Ziyan dəymiş müəssisələrə təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin əməkdaşları tərəfində baxış keçirilib, qüsur aktları tərtib edilib və qısa vaxt ərzində işin icrasına başlanılacağı bildirilib.
Qeyd edək ki, təhsil müəssisələrində tədris prosesi digər korpuslarda iki növbəli sistemə keçərək davam edir.