Paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan bir qrup sakin beş gündür ki, susuzdur.
Bu barədə Baku.ws-in “qaynar xətti”nə rayonun Vilayət Əsgərov küçəsi bina 20-də yaşayan sakin məlumat verib.
Onun sözlərinə görə, suyun olmaması ilə bağlı dəfələrlə “Azərsu” ASC-yə müraciət etsələr də, problem həllini tapmayıb:
“Bizə deyirlər ki, qısa zamanda həll olunacaq. Amma isti havada susuz qalmaq çox çətindir. Müraciətlərimizdən sonra bizə maşınla su gətirdilər ki, hələlik bundan istifadə edin”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirilib ki, suyun gəlməməsinə səbəb Kür-Bakı magistral su xəttində aparılan profilaktiki tədbirlərdir:
“Bu səbəbdən xəttə verilən suyun təzyiqi azalıb. Hazırda sözügedən rayonun bəzi ərazilərində belə problemlər yaranıb. Biz maşınlarla həmin ərazini su ilə təmin etmişik. Artıq xətdə görülən işlər yekunlaşmaq üzrədir”.