Nazir Məcnun Məmmədov: “Dövlət damazlıq üçün xaricdən gətirilən heyvanların ümumi həcminin 60 faizini subsidiya edir”

 25-04-2023

“Dövlət damazlıq məqsədləri üçün xaricdən gətirilən heyvanların ümumi həcminin 60 faizini subsidiya edir”.

Milletinsesi.info xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, heyvanların yetişdirilməsi, o cümlədən sağlamlığın qorunması gündəmimizdə prioritet olaraq qalır:

“Bundan əlavə, Süni Mayalanma Mərkəzimizdə bu yaxınlarda başlayan embrion transferi layihəsi heyvandarlığın artırılması məqsədinə çatmaq məqsədi daşıyırdı. İllik hazırlanan tədbirlər planına uyğun olaraq, ölkədə zoonoz xəstəliklərin qarşısının alınması və onların sağlamlığının qorunması məqsədilə heyvanlar peyvənd olunur. Təbii ki, düzgün qurulmuş baytarlıq xidmətləri olmadan heyvanların rifahına nail olmaq mümkün deyil. 

Bu baxımdan, hökumətin son islahatına əsasən, Azərbaycanda baytarlıq xidmətləri özəlləşdirilib və bu proses özəl müqavilələr əsasında təşkil olunub.  Bundan əlavə, dövlət dəstəyi sərmayələrimizin əsas hissəsi fermerləri müasir və innovativ əkinçilik texnologiyalarından istifadə etməyə həvəsləndirməyə yönəldilir. Bir neçə gün əvvəl elmi-tədqiqat institutlarında oldum, mütəxəssislərlə görüşdük”.

O bildirib ki, əsas tapşırıq su qıtlığına davamlı bitkilərin yetişdirilməsi istiqamətində araşdırmaların genişləndirilməsi istiqamətində olub: “Su Agentliyi ilə birlikdə su qıtlığı ilə bağlı komissiya yaradılıb. O çərçivədə fəaliyyətimizi davam etdirəcəyik. Heyvanlar yer üzündə həyatın və insanların qidalanmasının əsasını təşkil edir. Sağlamlığımız və qidamız üçün sağlam ekosistemlərdən asılıyıq”.

O bildirib ki, iqlim dəyişikliklərinin və biomüxtəlifliyin zədələnməsinin səbəbinin daha tez-tez ortaya çıxan yoluxucu xəstəliklər olduğuna dair sübutlar var:

“Heyvanlar qlobal biomüxtəlifliyimizin bir hissəsidir və əsas məqsəd onların rifahı ilə yanaşı növlərini də qorumaqdır. Kənd təsərrüfatının inkişafı siyasətimizdə heyvandarlıq və sağlamlığın prioritet mövzu olduğunu nəzərə almaq lazımdır.

Azərbaycan sürətli iqtisadi inkişafına görə regionun lider ölkəsidir. Bizim əsas məqsədimiz malik olduğumuz təbii ehtiyatlardan istifadə etməklə iqtisadiyyatı şaxələndirməkdir. Şaxələndirmək dedikdə nəzərdə tutduğumuz, ilk növbədə, kənd təsərrüfatının inkişafına diqqət yetirilir.

Biz aqro-ərzaq sistemlərimizin davamlı transformasiyasına nail olmaq üçün böyük səylər göstəririk. Yaşıl bərpa, rəqəmsallaşma və innovativ həllər davamlı milli aqro-ərzaq sisteminin qurulması üçün gündəliyimizdəki əsas prinsiplərdir. Biz öz potensialımızı artırmalıyıq. Heyvanlarda xəstəliklərin erkən aşkarlanması, müasir laboratoriyaların qurulması və baytarların təkmilləşdirilməsi vacib məsələlərdən biridir”.

O bildirib ki, müasir texnologiyalardan istifadə və daha yaxşı praktikanın ortaya qoyulması bizim beynəlxalq təşkilatlarla əməkdaşlığımızın səviyyəsini artıracaq: “Bu əməkdaşlıq əsasında biz beynəlxalq ekspertlərin praktikasından istifadə edəcəyik. Bu problemlərin həlli nəinki kənd təsərrüfatı sahəsində, eləcə də insanların sağlamlığının qeydinə qalınmasında mühüm rol oynayacaq”.

Bənzər yazılar

0.13640403747559