Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.
Milletinsesi.info xəbər verir ki, bu gün Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayıblar. Təmsilçilərimizdən üçü yarımfinala yüksəlib.
55 kq çəki dərəcəsində yarışan Eldəniz Əzizli 1/4 finalda bolqarıstanlı Stefan Qriqorova qalib gələrək növbəti mərhələyə adlayıb. 63 kq-da yer alan Taleh Məmmədov eyni raundda Yakopo Sandronu (İtaliya) məğlub edərək yarımfinala çıxıb. 130 kq-dakı təmsilçimiz Sabah Şəriəti isə 1/8 finalda Dariuş Vitekdən (Macarıstan), 1/4 finalda Alin Kiurariudan (Rumıniya) üstün olub.
77 kq-da yarışan Sənan Süleymanov 1/8 finalda macarıstanlı Joltan Levaya uduzub. 87 kq-da mübarizə aparan İslam Abbasov isə Turpal Maqamadov (Fransa) və Daniel Erreronu (İspaniya) yensə də, 1/4 finalda Ali Cengizlə (Türkiyə) bacarmayıb. Cengiz finala çıxa bilsə, Abbasov təsəlliverici görüşlərdə iştirak etmək hüququ qazanacaq.
Bu gün, həmçinin, qadınların mübarizəsində Jalə Əliyeva (57 kq) qızıl, Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda görüşə çıxacaqlar. Elis Manolova (65 kq) isə təsəlliverici qarşılaşmada uduzduğundan medal şansını itirib.
Daha əvvəl sərbəst güləşçilərimizdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıblar. Qadınlarda isə Mariya Stadnik Avropa çempionu olub.