“Artıq Ağdam və Füzuli şəhərlərinin, Suqovuşan və Hadrut qəsəbələrinin Baş planları hazırdır. Ağdam və Füzuli şəhərlərinin Baş planları Nazirlər Kabineti tərəfindən təsdiq olunub”.
“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şamaxıda keçirilən “İşğaldan azad edilmiş ərazilərin investisiya cəlbediciliyi” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.
E.Hüseynovun sözlərinə görə, digər regionlarla da bağlı layihələndirmə işlərinə başlanılıb: “Qarabağ iqtisadi rayonunun digər bölgələrində də bu proses gedir. Rəylər toplanır və artıq ümumi fikir bəllidir. Qarabağ iqtisadi rayonunda 2030-cu ilə qədər təxmini 150 000-ə yaxın iş yerinin açılması proqnozlaşdırılır”.
Onun sözlərinə görə, iş yerlərinin əsasən sənaye parkları, kənd təsərrüfatı, mədən çıxarma, turizm sektoru və s. üzrə təşkil olunması nəzərdə tutulur: "Hazırda Qarabağ İqtisadi rayonu ərazisində ümumi uzunluğu 513 km olan 10 avtomobil yolu layihəsi həyata keçirilir."
Onun sözlərinə görə, qeyd edilən regionda, həmçinin dəmiryolu layihəsi də reallaşdırılır: “Həmçinin 157,5 km uzunluğunda iki dəmiryolu layihəsi də reallaşdırılır. Onlar Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmiryolu layihələridir.
Həmçinin Zəngilan və Füzulidə hava limanları inşa edilib. Həqiqətən də möcüzə idi ki, 8 ay ərzində mina ilə çox çirklənmiş ərazilər təmizlənsin və beynəlxalq standartlara uyğun hava limanları inşa olunsun”.
E.Hüseynov Qarabağda enerji və su infrastrukturunun bərpası məsələsinə toxunaraq bildirib ki, Suqovuşanda iki su elektrik stansiyası tam bərpa olunub və fəaliyyət göstərir: “Qarabağ İqtisadi rayonunda 35 və 110 kVt-luq 7 yarımstansiya inşa edilib. Rayon ərazisində 5 su anbarı var ki, onlardan da iki magistral su kanalı çıxır. Hazırda onların hamısının üzərində qrafiki qabaqlamaqla təmir-bərpa işləri gedir. Böyük Qayıdış Birinci Dövlət Proqramı çərçivəsində Böyük Zəfərdən sonra ötən dövr ərzində çoxlu işlər görülüb və bu işlər getdikcə artmaqdadır”.
Emin Hüseynov proqramın əsas məqsədinin keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına tezliklə qayıtması, Qarabağın, Şərqi Zəngəzurun bərpa olunması, həyatın oraya qaytarılması olduğunu vurğulayıb:
“Sözsüz ki, məqsədlərdən biri də orada müəyyən iqtisadi fəaliyyətin yaradılması və ərazinin iqtisadi dövriyyəyə qatılmasıdır. Bu məqsədlə təkcə dövlətin deyil, həm də özəl sektorun üzərinə mühüm vəzifələr düşür. “Özəl şirkətlərin bu proseslərdə aktivləşdirilməsi istiqamətində hansı işlər görülür”, “Bununla əlaqədar dövlət tərəfindən görüləcək işlər hansılardır” və ya “Özəl sektorun əsas narahatlıq səbəbləri nələrdir” kimi suallar barədə fikir mübadiləsi aparmaq üçün Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu və Qarabağ İqtisadi Rayonu üzrə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə elmi praktiki konfransı davam edir. Məqsəd artıq bərpa quruculuq işlərinin bu mərhələsində özəl investisiyaları artırmaq, mövcud vəziyyətlə bağlı ictimaiyyətin və sahibkarların fikirlərini əldə eləməkdir”.
Prezidentin xüsusi nümayəndəsi bu ilin sonunadək əhalinin köçürülməsi nəzərdə tutulan ərazilər barədə də məlumat verib:
“Əlavə olaraq, bilirsiniz ki, artıq dövlət tərəfindən iki kəndimizə məcburi köçkünlər qaytarılıb, onlar artıq öz dədə-baba torpaqlarında yaşayırlar. Bundan sonrakı dövrlərdə say daha da çoxalacaq, xüsusilə bizim gözləntimiz budur ki, həm Laçın, həm Zabux və Sus, eyni zamanda, Füzuli şəhərlərində artıq bu ilin sonunadək köçmək üçün şərait yaranacaq. Gələn ildən başlayaraq, həm Suqovuşan, həm Hadrut və Tuğ, eləcə də Ağdam şəhərinə köçürülmə ilə bağlı proseslər öz ardıcıllığı ilə davam edəcək. Bütün bunlar, əlbəttə, yeni iş yerlərinin açılması məsələsini zəruri edir və bu konfransın bu baxımdan çox böyük önəmi var. Bu ildən etibarən, 10 illik müddət ərzində Qarabağ, Şərqi Zəngəzur ərazilərində xüsusi güzəştlər və təşviq rejimi mövcuddur”.