Hərbi qulluqçular məcburi icbari narkoloji müayinədən keçiriləcək.
APA xəbər verir ki, bu, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə olunan “Narkoloji xidmət və nəzarət haqqında” qanuna təklif edilən yeni - 24.4-cü maddədə əksini tapıb.
Təklif olunan yeni maddəyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, bağlaşma əsasında həqiqi hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl müqavilə bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr-zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları isə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçiriləcəklər.
Bu şəxslərin icbari narkoloji müayinədən keçməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Qanun qəbul ediləcəyi təqdirdə 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.