"EuroHome" MMC tikinti materialları bazarının direktoru Samir Məmmədov və şirkətdə elektrik vəzifəsində çalışmış Amil Salmanovun barələrindəki hökmdən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası mayın 18-nə təyin edilib.
İttihama görə, "EuroHome" MMC tikinti materialları bazarında yanğın hadisəsi 10 dekabr 2019-cu il tarixdə qeydə alınıb. Nəticədə 125 nəfər icarəçiyə məxsus 16 429 339,94 manat dəyərində əmlaklar yanaraq yararsız hala düşüb.
Bu iş üzrə MMC-nin direktoru Samir Məmmədov və şirkətdə elektrik vəzifəsində çalışmış Amil Salmanov məsuliyyətə cəlb edilib.
Onların barəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozma, eyni əməllər ölümə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ittiham irəli sürülüb.
Rəsmi məlumata görə, dəymiş zərərin bir qismi ödənilib.
Binəqədi Rayon Məhkəməsinin hakimi Aygül Qurbanovanın sədrliyi ilə keçirilən hazırlıq iclasında elan edilib ki, Samir Məmmədovun barəsində seçilmiş polis nəzarətində qətimkan tədbirini həbs qətimkan tədbiri ilə əvəzləyib və o, məhkəmə zalında həbs edilib.
Məhkəmənin hökmü ilə hər iki şəxsə 3 il 7 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Hökmdə qeyd edilib ki, Samir Məmmədovla Amil Salmanov cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bundan başqa, hökmə əsasən, zərərçəkmişlərin mülki iddiaları qismən təmin edilib. Lakin hökmdən narazı qalan məhkumlar və zərərçəkmişlər apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məhkumların apellyasiya şikayəti təmin edilməyib, bəzi zərərçəkmiş şəxslərin mülki iddialarına dair hissədə dəyişdirilib.
Belə ki, bir qisim zərərçəkmiş mülki iddialarından imtina etdiklərindən, həmin şəxslərə (mülki iddiaçılara) aid hissədə mülki iddia üzrə icraata xitam verilib. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb. Daha sonra təqsirləndiirlən şəxslərin müdafiəçiləri və bir qisim zərərçəkmiş kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəməsinin qərarına əsasən, Samir Məmmədovun müdafiəçisi tərəfindən verilən kassasiya şikayəti geri qaytarılıb. Amil Salmanovun müdafiəçisi və bir neçə zərərçəkmişin nümayəndələri tərəfindən ayrı-ayrılıqda verilən kassasiya şikayəti isə təmin edilməyib.