"Azəriqaz" İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev bəzi saytlarda və sosial şəbəkələrdə guya "Azəriqaz” İB-nin bir neçə məsul şəxsinin həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
O bildirib ki, kifayət qədər sosiallaşmış Birliyin bu istiqamətdə əsas məqsədi baş verən proseslərə, problemlərə dərhal və adekvat reaksiya verməkdir ki, bunun da müsbət nəticələri ən müxtəlif səviyyələrdə etiraf olunmaqdadır.
"İnsan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm. İstehsalat Birliyinin qapıları hər zaman media, blogger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdmir. Təəssüf ki, bütün bunlara baxmayaraq, yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir. Təbii ki, bu da SOCAR “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür. Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diqtə etmək, korporativ maraqlar əsla dayanmır. Biz xidmətimizi dövlət qurumu olaraq özümüzə borc və vəzifə bilirik. Odur ki, sizdən təvəqqe edirik, şayiələrə köklənməyək və yolumuza qarşılıqlı etimad əsasında davam edək", - Ruslan Əliyev qeyd edib.