Azərbaycan Ordusu Gorus-Xankəndi yolunun Laçın rayonu ərazisindən keçən hissələrində bir sıra hakim yüksəklikləri, əsas və yardımçı yolları nəzarətə götürüb.
Həmin istiqamət Laçın yoluna alternativ çəkilən yol üzərindəki yüksəklikləri, Cağazur və Zabux kəndləri arasındakı yerləri əhatə edir.
Beləliklə, Laçın rayonu ərazisində sərhədboyu geniş sahələr nəzarətə götürülüb və bu, Laçın yolunun Ermənistanla birləşən nöqtəsində Azərbaycanın nəzarət postlarının qurulması yönündə mühüm hərbi addımdır.
Beləliklə, Ermənistanın alternativ yoldan istifadə edərək Azərbaycan ərazilərində təxribatlar üçün silah daşıması bloklanır.
Müdafiə Nazirliyinin məlumatı indi açıqlaması da maraq doğurur, bunu iki məsələ ilə izah etmək olar.
Martın 25-də Azərbaycan Xankəndi-Xəlfəli-Turşsu və bu marşrutun şimalından keçən Xankəndi-Kosalar-Mirzələr-Turşsu yollarında zəruri tədbirlər görərək buradan silah daşınmasının qarşısını aldı.
Rusiya Müdafiə Nazirliyi Azərbaycana nəzarətə götürdüyü yüksəkliyi tərk etməyə çağırış etdi, lakin Azərbaycan bunu rədd etdi.
İndi Müdafiə Nazirliyi yeni məlumat açıqlamaqla Azərbaycanla Rusiya arasındakı mümkün razılaşma və ya mübahisələri canlandırır.
Birinci versiya: Azərbaycan Rusiyaya 10 noyabr Bəyanatının müddəalarını xatırladıb, sənədin icrasında Moskvanın məsuliyyət dərəcələrini sadalayıb və nəzarətə götürülən ərazilərdə qalmağı hüquqi, suverenlik dəlilləri ilə möhkəmləndirib. Kreml də Azərbaycanın tələbləri qarşısında Bakı-Moskva körpüsündə razılaşmaların əldə edilməsinə yol açıb.
İkinci versiya: Azərbaycan Rusiya ilə danışıqların nəticəsini gözləyib və Moskva razılıq verməyib. Azərbaycan da ərazi hüdudları çərçivəsindəki legitimliyini göstərmək üçün artıq nəzarətə götürülən nöqtələrin istiqamətlərini elan edib.
Beləliklə, səbəbindən asılı olmayaraq nəticə kimi Azərbaycan nəzarətə götürdüyü yerlərdə bərkimə işləri aparıb, oranın mühafizəsini təşkil edib və postlar quraraq möhkəmlənib.
Azərbaycan 10 Noyabr Bəyanatının 4-cü bəndinin icrasına davam edəcək, bu, ya hərb yolu ilə, ya da siyasi üsullarla aparılacaq və yaxşı nəticələr verəcək.
Bundan sonra Qarabağdakı separatçıların “qida yeri” də tamamilə qapanacaq və Azərbaycanın yaratdığı hərbi blokadanı onun iqtisadi-siyasi təzyiqləri müşayiət edəcək.
Qərbdəki bəzi dairələrdən də səs-səmir gələcək, ənənəvi tezislər gündəmdə qalacaq, lakin Azərbaycanın etdikləri mülki erməni əhaliyə qarşı tədbir kimi başa düşülməməlidir.
Azərbaycan isə Qarabağdan kənarda, sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirəcək. Çünki Ermənistan təxribat yarada, sərhədə qoşun yığa və onu hərəkətləndirə bilər.
Ona görə də Qarabağdakı hərbi əməliyyatların və ya onun ekvivalentindəki tədbirlərin davamı kimi sərhəddə təhlükəsizlik zolağı yaratmaq vacibdir.
Aqşin Kərimov