Cəlilabad rayonunun Privolnoye kəndinin daxili yolları bərbad vəziyyətə düşüb.
“Report”un Muğan bürosunun məlumatına görə, bu problem daha çox kəndin son on ildə salınan yaşayış ərazilərində özünü göstərir.
Sakinlər bildiriblər ki, Privolnoyenin yolları bərbad durumda olan hissəsində 10 ildən çoxdur yaşayış var. Amma bu müddət ərzində yollar bir dəfə də təmir edilməyib:
“Yağış yağan kimi yolda palçıq dizə çıxır, hərəkət etmək mümkün olmur”.
Sakinlər deyirlər ki, küçələrinə taksi belə, gələ bilmir. Onlar da, məsələn, bazarlıq edəndə məcbur qalıb aldıqlarını əllərində daşıyırlar. Həmçinin övladları məktəbə getməkdə çətinlik çəkirlər.
Onların sözlərinə görə, problemlə bağlı dəfələrlə kənd bələdiyyəsinə müraciət etsələr də, tədbir görən olmayıb. Qurumdan bildiriblər ki, sakinlər özləri vəsait toplamalıdırlar.
Problem ilə bağlı Privolnoye bələdiyyəsindən bildirilib ki, kənd sakinləri bələdiyyə vergilərini ödəyən kimi yollar mərhələli şəkildə təmir ediləcək.