Binanın komendantı mənzil sahiblərindən pul tələb edə və ya lifti özbaşına söndürə bilər?

 28-03-2023

“2021-ci ildə komendant liftlərin təmiri üçün binamızın bütün sakinlərindən 100 manat pul yığıb. Bu il də eyni məqsədlərlə bizdən yenə də 250 manat məbləğində pul tələb edirlər. Komendant iddia edir ki, bu məbləği ödəməkdən imtina etsək, o, liftləri söndürəcək. Bu, qanunidirmi?”

Belə bir sualla Media.Az-ın redaksiyasına “Tac Mahal” mənzil-tikinti kooperativinin sakini Yuliya Mansurova müraciət edib.

Onun sözlərinə görə, bir neçə qonşu 250 manatı verməkdən imtina edib.

“Onların arasında guya liftdən istifadə etmədiklərini bildirən birinci və dördüncü mərtəbələrin sakinləri də var. Halbuki, bu, belə deyil. Lift “mənfi” mərtəbələrdə, yeraltı dayanacaqda dayandığından ondan çox adam istifadə edir. Əgər kimsə buna görə pul ödəmirsə, o zaman biz niyə ödəməliyik? Xüsusən də pulumuzun hara getdiyini bilmədiyimiz halda”, - deyə xanım bildirib.

Şikayətçinin mənzili 16-cı mərtəbədə yerləşir. O iddia edir ki, adıçəkilən kooperativin komendantı artıq bu blokdakı liftləri müvəqqəti olaraq söndürüb.

“İki azyaşlı uşağım var, biri yeni doğulub. Onlarla necə gəzintiyə çıxa bilərəm? Səhv etmirəmsə, bu gün bizim binanın bütün liftləri qəzalı vəziyyətdədir. Həm də komendant özü yaşadığı blokda lifti söndürməyib”, - Mansurova vurğulayıb.

“Tac Mahal” sakini əlavə edib ki, binanın ümumi əmlakının saxlanılması üçün başqa tədbirlər görülmür. Avtomobil dayanacağı təmizlənmir, mərtəbələrdəki yanmış işıq lampaları dəyişdirilmir.

Media.Az sözügdən evin adının açıqlanmasını istəməyən komendantı ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, lifti Fövqəladə Hallar Nazirliyi söndürüb:

“FHN-in rəyinə görə, bu lift istismar üçün yararsızdır, ona görə də ondan istifadə etmək qadağandır. İdarədən bildirdilər ki, onu təkcə təmir etmək yox, dəyişdirmək lazımdır. Bununla bağlı pul yığmaq üçün sakinlərə müraciət etdim. Binamızda liftlərin heç də hamısı yararsız vəziyyətdə deyil. Əsasən bu problem birinci blokda müşahidə olunur. Yararsız liftlərdən istifadə həyat üçün təhlükəlidir. Onların başına bir şey gəlsə, mən cavabdeh olacam”, - o qeyd edib.

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Mədən Nəzarəti Dövlət Agentliyindən təsdiqləyiblər ki, onlar vaxtilə “Tac Mahal” mənzil-tikinti kooperativində liftdən istifadəyə qadağa qoyublar.

Bəs komendant binanın sakinlərindən pul yığa bilərmi?

Bu sualı Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əkrəm Həsənov cavablandırıb.

“Komendant sakinlərin iclasında qəbul edilən qərara tamamilə tabedir. Bundan başqa, binanın ümumi əmlakının saxlanması üçün tələb olunan büdcə də (bu halda liftin təmiri üçün) iclasda təsdiq edilir. Komendant və ya idarəetmə şirkəti nə qədər pul lazım olduğunu və nəyə xərclənəcəyini izah etməlidir. Qanunla hər mənzildən nə qədər pul yığacaqlarını sakinlər özləri müəyyənləşdirir. Gələcəkdə idarəçi xərclədiyi hər qəpiyin hesabını verməlidir”, - deyə Ə.Həsənov bildirir.

Vəkil iddia edir ki, komendantın pul tələb etməyə, lifti söndürməyə haqqı yoxdur: “İclasın ümumi qərarı ilə sakinlər onu istənilən vaxt işdən kənarlaşdıra bilərlər. Əgər komendant fəaliyyətini davam etdirərsə, məhkəməyə müraciət etməli, məhkəmə müvafiq qərar verməlidir”, - deyə vəkil izah edib.

Bənzər yazılar

0.14029884338379