“Kəlbəcər-Laçın yolu yenidən qurulur və bölgədə bir çox tunellər inşa ediləcək”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bildirib.
Dövlətimizin başçısı deyib: “Kəlbəcər və Laçın rayonlarında bizim ən çox tunellərimiz məhz o bölgədədir və Murov dağının altından keçən tunelin uzunluğu təxminən 12 kilometr olacaq. Beləliklə, biz Göygöl rayonundan da Şərqi Zəngəzura yol açırıq. Eyni zamanda, Qubadlı-Laçın yolu da sürətlə inşa edilir.
Laçın rayonu ölkəmizin ən böyük rayonlarından biridir. Rayonun çox böyük potensialı var. Əlbəttə ki, Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək.
Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun, demək olar ki, bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilmişdir, ətraf mühitə böyük ziyan vurulmuşdur. Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmışlar”, - deyə dövlətimizin başçısı qeyd edib.
Dövlətimizin başçısı bildirib ki, xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdirilmişlər: “Bu, bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Əfsuslar olsun ki, Ermənistan dövləti bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb oldu. Bu imkandan, fürsətdən istifadə edərək AXC-Müsavat xəyanətkar cütlüyü Laçın işğal olunandan bir ay sonra hakimiyyəti qanunsuz yollarla zəbt etdi və bu, daha böyük faciələrə yol açdı”.
Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin səbəblərini izah edən dövlətimizin başçısı deyib: “Ondan (Laçının işğalından-red.) bir il keçməmiş - 1993-cü ilin aprelində Kəlbəcər işğal altına düşdü və beləliklə, ovaxtkı - keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi ilə Ermənistan ərazisi arasında coğrafi bağlantı yaradılmışdır və əlbəttə ki, Birinci Qarabağ müharibəsindəki məğlubiyyətin əsas şərti olmuşdur.
Şuşanın işğalından bir neçə gün sonra Laçın rayonu da işğal edildi. Bu, ölkəmiz üçün, laçınlılar üçün böyük faciə idi və bu, AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti idi”.
Dövlətimizin başçısı deyib: “AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu.
Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq. İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik.
Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır.
Uzun illər aparılmış danışıqlar əsnasında hər zaman vasitəçilər Laçın rayonuna hansısa xüsusi bir yanaşma sərgiləyirdilər və Ermənistan bütövlükdə Laçın rayonunun Azərbaycana qaytarılmasını qəbuledilməz sayırdı.
Halbuki onlar digər rayonlardan da çıxmaq fikrində deyildilər. İndi - müharibədən iki il yarım keçəndən sonra bu, hər kəsə daha aydın oldu. Beynəlxalq vasitəçilər - ATƏT-in ovaxtkı Minsk qrupu danışıqların aparılması ilə faktiki olaraq bu işğalı möhkəmləndirməyə çalışırdılar”, - deyə dövlətimizin başçısı vurğulayıb.