Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
APA.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda barəsində məcburi gətirilmə qərarı çıxarılmış sabiq rektor Nurlana Əliyevanın iştirakı təmin olunmayıb.
İclasda iş üzrə bir nəfər - Dinarə Əliyeva mülki iddiaçı qismində tanınıb. İddia üzrə cavabdeh Dürdanə Əliyevadır.
O da məlum ki, Bakı Slavyan Universiteti tərəfindən Dürdanə Əliyevaya qarşı 218 min manat məbləğində mülki iddia qaldırılıb.
Müdafiə tərəfi deyib ki, istintaqın gedişi zamanı bir neçə şahid şikayətini geri götürüb. Ona görə də mülki iddiada qeyd olunan məbləğ endiriləcək.
Növbəti proses aprelin 3-nə təyin olunub.
Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2 (külli miqdarda mənimsəmə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.
Dürdanə Əliyeva məhkəmədəki ifadələrində ittihamda qeyd olunan əməlləri sabiq rektor Nurlana Əliyevanın iştirakı ilə etdiyini deyib.
Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.