MTN işində ZƏRƏRÇƏKƏN: “Zakir Qaralov və Rüstəm Usubov da istintaqa cəlb olunsun”

 17-05-2022

Əfsəl Həsənəliyev: “MTN-dəki qanunsuzluqlar prokurorluğun nəzarəti altında baş verib”

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, general Mövlam Şıxəliyev və onun tabeliyində işləmiş daha üç nəfərin – istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi olmuş Yasin Məmmədov, 2-ci şöbənin rəisi olmuş Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun məhkəməsi davam edir.

General Mövlam Şıxəliyev istisna olmaqla, digər keçmiş MTN-çilər həbsdə deyil. Bakı Hərbi Məhkəməsində bu işə baxan hakim Elbəy Allahverdiyev əvvəllər olduğu kimi, yenə də bu məhkəmə prosesinə jurnalistləri buraxmır.

Əvvəllər pandemiyanı bəhanə göstərirdi. Baxmayaraq ki, Nazirlər Kabineti qapalı məkanlarda qadağaları aradan qaldırıb, amma Elbəy Allahverdiyev sabiq MTN-çilərin açıq məhkəməsini nədənsə, ictimaiyyətdən gizli keçirməkdə israrlıdır.

Hakimin açıq məhkəmə prosesində baş verənləri ictimaiyyətdən gizli saxlamaq cəhdləri zərərçəkmişlərin narazılığına səbəb olub.

Onlar mayın 16-da növbəti dəfə məhkəmədə bununla əlaqədar hakimə narazılıqlarını bildiriblər. Hakim onları dinləsə də, heç bir reaksiya verməyib.

Zərərçəkmişlərdən Əfsəl Həsənəliyev bildirib ki, vaxtilə MTN əməkdaşları onu qanunsuz həbs edib, azadlığa buraxmaq üçün pul tələb edəndə ailəsi evini banka girov qoyub, pul götürmüşdü. İndi bank mənzilini əlindən alır.

Zərərçəkmiş tələb edib ki, sabiq Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubov da cinayət məsuliyyətinə cəlb edilsin. Çünki istintaqa nəzarəti həyata keçirən qurum məhz prokurorluq olub.

MTN-dəki qanunsuzluqlar prokurorluğun nəzarəti altında baş verib: “Məni qanunsuz həbs edib, ailəmi çox ağır vəziyyətə salıblar. Evimi “Unibank”a girov qoyub, kredit götürmüşük, aparıb MTN-dəki cinayətkar quldur dəstəyə vermişik. İndi bank pulu istəyir. Evimə icra vərəqəsi göndəriblər ki, evdən çıxaq. Siz də bu dəstənin nazını çəkirsiniz, oyun oynayırsız. Bu dəstənin üzvləri Zakir Qaralov, Rüstəm Usubov da istintaqa cəlb olunmalıdır. Onlar bu iş üzrə istintaqı çox uzadıblar. Siz isə ətraflı araşdırma aparmaq əvəzinə, tezbazar məhkəməni bitirmək istəyirsiz”.

Daha sonra məhkəmədə zərərçəkmiş Rəhman Musayev ifadə verib. Onun valideynləri vəfat etdiyinə görə onların hüquqi varisi qismində tanınıb.

Rəhman Musayev məlumat verib ki, 2011-ci ildən etibarən Mavriki adalarında yerləşən “İnreaceos Payment” adlı şirkətin Azərbaycandakı filialının müdiri olub. Şirkətin əsas fəaliyyəti Azərbaycanda investisiya qoyuluşu məsələlərini planlaşdırmaqdan ibarət olub. Şirkətin ofisi “Babək Plaza”da yerləşib:

“Filial yenicə təşkil olunmuşdu və hələ işçilər yox idi. Mənim “AGBank”, “Bank Standard”da şəxsi hesablarım olsa da, filial üçün hələ hesablar açmamışdım. Anamın adına “Spare Limeted” adlı, Mavriki şirkətinin filialı fəaliyyət göstərirdi. Lakin təsisçinin kim olması barədə məlumatsız idim. 29 fevral 2012-ci ildə səhər saatlarında evimizə MTN əməkdaşları basqın elədi. Onlara müstəntiq Kənan Əliyev rəhbərlik edirdi.

Evdə axtarış aparmağa başladılar. Qızıl-zinət əşyalarını, ətirləri, bütün sənədləri, şirkətlərə aid olan bank çıxarışlarını, 8 min 400 manat pulu, firmaların möhürlərini, evdə olan plastik kartları, kompyuterləri, yaddaş kartlarını, mənzillərin sənədlərini götürdülər. Məni də MTN-nə aparıb müstəntiq Sahib Ələkbərovun iş otağına qaldırdılar. Sahib Ələkbərov məni görən kimi dedi ki, guya hansısa haker qrupunun rəhbəriyəm. Ona bildirdim ki, mən belə belə işlərlə məşğul deyiləm.

Mənə qayıtdı ki, “səhər yeməyini Londonda, naharı Nyu Yorkda edəndə bilmirdin ki, bura düşəcəksən?” Məktəb yoldaşım Elçinin adını çəkdilər. Məndən 1 milyon manat pul istədi. Dedi ki, bu pul ondan ötrü heç nədir…”

Zərərçəkmişin sözlərinə görə, tələb olunan məbləği verə bilmədiyinə görə həbs olunub: “Sahib Ələkbərov mənimlə görüşlərdə Mövlam Şıxəliyevin və nazir Eldar Mahmudovun adından danışaraq böyük məbləğlərdə pullar tələb edirdi. Məni 18 mart 2012-ci ildə şöbə rəisi Vüsal Ələkbərovun iş otağına apardılar. Otaqda Vüsal dedi ki, “sən şəhər yol polisi idarəsinin rəis müavini Eyvazla dostsan, o da mənim arvadımın qardaşıdır, qaynımdır, sabah bura yeyib-içməyə gələcək, oturub onunla birlikdə söhbət edərik”. Mən Eyvaz Şahbazovla tanış idim. Maşınımı cərimə meydançasına aparmışdılar. O zaman şikayətimlə əlaqədar DYP-də olanda Eyvazla tanış olmuşdum. Tez-tez görüşürdük. Növbəti gün Sahib Ələkbərovun iş otağına gedəndə orada stolun üstündə kabab, paxlava vardı. Sahib Ələkbərov dedi ki, “1 milyon dollar versən, səni buraxarıq”. Dedim ki, axı mənim günahım yoxdur… Sahib Ələkbərov əsəbiləşdi. Qışqırdı ki, “nazirin xəbəri olmadan bura heç kim gətirilmir, mənim iş otağımda yeyib-içən bir sənsən, bir də Əli İnsanov olub”. Sahib Ələkbərova dedim ki, 100 min dollar verə bilərəm. Özündən çıxdı. Qışqırdı ki, mən sənin üçün serjant deyiləm e, polkovnikəm…”.

Zərərçəkmiş deyir ki, o, həbsdə olduğu müddətdə atası müxtəlif əmlakları satıb, 177 min manat düzəldib, Sahib Ələkbərova çatdırıb. Sonradan daha 10 min manat da ekspert üçün alınıb. Ekspertiza rəy verib ki, bu vəziyyətdə həbsdə saxlanması həyatı üçün təhlükəlidir. Ardınca həbsdən buraxılıb.

Zərərçəkmiş vurğulayıb ki, özü həbsdə ola-ola anası və atası barəsində də cinayət işi başlanıb. Anası vəfat etdiyinə görə barəsindəki cinayət işinə xitam verilib.

Təqsirləndirilən sabiq MTN-çilərdən Sahib Ələkbərov zərərçəkmişin dediklərinə münasibət bildirərək deyib ki, o zaman Rəhman Musayevin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi məsələsi dəfələrlə Zakir Qaralov və Rüstəm Usubova yazılı şəkildə məruzə olunub. Onların razılığıyla o, həbsdən buraxılıb.

Daha sonra başqa bir zərərçəkmiş Müsənnif Salahov isfadə verib. O, 2003-cü ilin mayından “Texnibank”ın Sumqayıt filialının müdiri vəzifəsində işləyib. 2012-ci ilin martında – bankın rəhbəri Etibar Əliyev həbs olunandan bir neçə gün sonra bir qrup MTN əməkdaşı Sumqayıt filialına gəlib:

“Dedilər ki, filialın 6 aylıq fəaliyyəti yoxlanılacaq. Axtarış apardılar. Filialın bütün maliyyə sənədlərini götürdülər, məni də MTN-nə apardılar. Nazirliyin giriş qapısında gec olduğuna görə buraxılış vərəqəsi yaza bilmədilər. Ona görə də məni evə buraxdılar. Növbəti gün məni istintaq qrupunun rəhbəri Vüsal Ələkbərovla rəis müavini Təhsin Ağayevin yanına apardılar. Təhsin Ağayev mənə dedi ki, bilirsən də hara düşmüsən, çıxmaq üçün 3 milyon manat pul verməlisən. Dedim ki, mən heç o qədər pul görməmişəm. İki həftə Təhsin Ağayev və Vüsal Ələkbərov dayanmadan zəng edib, məndən pul tələb edirdilər. Onların zənglərinə və psixoloji təzyiqlərinə tab gətirmirdim. Əsassız yerə həbs olunacağımdan qorxurdum. Məcbur olub bacanağım Qəzənfər Hüseynovdan 150 min manat aldım. 50 min manatı da evimdə olan qızıl-zinət əşyalarını satıb düzəltdim. 200 min manatı Təhsinə verdim. Vüsal da oradaydı, dedi ki, min dənə obyektin var, get sat, qalanını da gətir. Yalvar-yaxar, 600 minə razılaşdıq…”.

Müsənnif Salahovun sözlərinə görə, xeyli vaxt keçsə də, tələb olunan məbləği düzəldə bilməyib. Belə olan halda, monu çağırıb, əvvəl verdiyi 200 min manatı da özünə qaytarıb. Həbs olunacağını deyiblər: “Məcbur olub, rayonda, şəhərdə nə qohum, tanış vardısa, hamıdan borc istədim. Axırda 500 min toplaya bildim…”

Məhkəmə prosesi davam edir.

Mövlam Şixəliyev digər təqsirləndirilən şəxslərlə birləşib ümumilikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatını ələ keçirməkdə, həmçinin səlahiyyət həddini aşma və sübutları saxtalaşdırma kimi əməllərdə ittiham edilir. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələrilə ittiham olunur.

Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə Cinayət Məcəlləsinin 311.3.1 (mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və başqa maddələrilə ittiham verilib. İstintaq dövrü üçün onların barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.

Mövlam Şıxəliyev və onunla birlikdə təqsirləndirilən şəxslərin adları zaman-zaman bir sıra ictimai-siyasi fəalların həbsində hallanıb.

Zərərçəkmişlər arasında “Texnikabank”ın sahibi Etibar Əliyev, onun oğlu Kəramət Əliyev və digərləri var.

Arqument.az

Bənzər yazılar

0.28371715545654