Rusiyalı qubernatorun oğlu İtaliyada ev dustaqlığından qaçıb

 23-03-2023

İtaliyada beynəlxalq orderlə saxlanılan Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussun oğlu olan rusiyalı iş adamı Artem Uss ev dustaqlığında olduğu yeri tərk edib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onu axtarmaqla məşğuldur.

Bildirilir ki, saxlanılan şəxs Milanda kirayəyə götürdüyü mənzildə elektron yerləşməyə nəzarət qolbağını özbaşına çıxararaq ev dustaqlığında saxlanma şəraitini pozub.

Qeyd edək ki, martın 21-də Milanda məhkəmə sanksiyalardan yayınmaqda və çirkli pulların yuyulmasında ittiham olunan Ussun ABŞ-yə ekstradisiyasına qərar verib. Artıq İtaliya Kassasiya Məhkəməsinə qərardan şikayət verilib.

Xatırladaq ki, Uss ötən il oktyabrın 17-də Milanın Malpensa hava limanında saxlanılıb. Rusiya məhkəməsi həmçinin Ussu xüsusilə irimiqyaslı çirkli pulların yuyulması ilə bağlı cinayət işi çərçivəsində beynəlxalq axtarışa verib və onun ekstradisiyasını tələb edib.

Mənbə: TASS

Bənzər yazılar

0.4255211353302