Xəzər İcra Hakimiyyəti ilə qum dəllalları arasında toqquşma – TƏFƏRRÜAT

 18-03-2023

Son vaxtlar Xəzər rayon İcra Hakimiyyəti ilə qum dəllalları arasında ciddi mübahisə yaranıb.

Hurriyyet.az bu barədə etibarlı qaynaqlara istinadən xəbər verir.

Maraqlıdır ki, mənbə hazırda Xəzər rayon İcra Hakimiyyəti rəhbərliyinin qum dəllallarına gücünün çatmadığını iddia
edir.

Əldə etdiyimiz məlumata əsasən, sözügedən şəbəkə bəzi qurumlarla anlaşmaya gedərək, rayonun müxtəlif ərazilərindən – dəniz kənarından, eləcə də digər yerlərdən qum daşımaqla məşğuldur ki, Xəzər rayon İcra Hakimiyyəti bunun qarşısını ala bilmir.

Mənbə deyir ki, açıq-aşkar dələduzluqla məşğul olan dəllallar Xəzərdən daşıdıqları qumu Suraxanı rayonu ərazisindəki özlərinə məxsus əraziyə gətirərək, burada torpaqla və “yanmış qum”la qarışdırırlar. Yaxud da Bakıdakı tikinti ərazilərindən çıxarılan torpağı ələyərək, Xəzərdən daşıdıqları quma qatıb, tikinti bazarına saxta mal çıxarırlar.

“Təəssüf ki, bu günə qədər hüquq mühafizə orqanları da onlara qarşı heç bir tədbir görməyib. Hətta elə yerdən qum daşınır ki, o ərazilər birbaşa ölkə başçısının nəzarətindədir”, – deyə mənbə bildirir. Onun sözlərinə görə, müvafiq qurumlarla, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ciddi şəkildə anlaşmaya gedən həmin dələduz şəbəkə öz məkrli planlarını hakimiyyətdə yüksək vəzifə və səlahiyyət sahibi olan bəzi məmurların adından istifadə etməklə həyata keçirir və bununla külli miqdarda gəlir əldə edirlər.

Məlumata əsasən, sözügedən qum dəllalları tikinti bazarında əməlli-başlı monopoliya da yaradıblar. Çünki normalda bazarda bir yük maşını qum 450-500 manata satılırsa, onlar 400-420 manata, bəzi hallarda isə daha aşağı qiymətə təklif edərək, özlərinə ciddi alıcı kütləsi formalaşdırıblar. Hətta bir sıra iri tikinti şirkətlərinin də həmin dələduz şəbəkə ilə anlaşma içərisində olduğu vurğulanır.

Lakin çox təəssüflə qeyd edirik ki, bu gün Azərbaycan hökuməti və məlum qum dəllallarının fəaliyyətinə “yaşıl işıq” yandıran müvafiq qurumlar cəmi bir neçə həftə öncə qardaş Türkiyədə baş verən zəlzələnin dəhşətli nəticəsini nəzərə almaq istəmirlər. Çünki mütəxəssislər yarasız qumla tikilən binaların nəinki bir neçə ballıq zəlzələ zamanı, hətta zəlzələ olmadan belə, yaxın gələcəkdə qardaş ölkədə yaşanan faciənin eynisini bizə də yaşada biləcəyini bildirirlər.

Bənzər yazılar

0.13996005058289