İş adamının ferması QƏSDƏN YANDIRILIB? - Sahibkar Rasim Süleymanova 25 minlik ZİYAN DƏYİB

 17-05-2022

Goranboyda ferma yanıb. MillətinSəsi.info-nun məlumatına görə, hadisə rayonun Boluslu kəndində baş verib.

Sahibkar Rasim Süleymanova məxsus ferma yanaraq kül olub. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülüb. Yanğının ərazidəki digər tikililərə və sahələrə keçməsinin qarşısı alınıb.

Heyvanlar yaylaqda olmadığından tələfat olmayıb. Ferma sahibi olan iş adamının iddiasına görə, yanğın qəsdən törədilib. R.Süleymanov mal-qarasız belə, ona 20-25 min manata yaxın ziyan dəydiyini bildirib. Faktla bağlı araşdırma aparılır.

Daxili İşlər Nazirliyi Goranboyda iş adamının fermasının qəsdən yandırılması iddialarına münasibət bildirib. 

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov  bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları gələrək araşdırmalar həyata keçirir, müvafiq avto-ekspertiza təyin edilib. 

“Daha sonra Goranboy rayon sakini Rasim Süleymanov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus fermanın qəsdən yandırıldığını və bu barədə bir neçə nəfərdən şübhələndiyini bildirib. Polis Şöbəsində hazırda araşdırmalar davam etdirilir, şübhəli şəxslər dindirilib, ekspertiza rəyi  və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - deyə E.Qasımov qeyd edib.

Bənzər yazılar

0.21205496788025