Hökumət Milli Məclis qarşısında hesabat verir: 51 rayon və şəhər hökumətin pulunu istəməyib

 17-03-2023

Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatı təqdim olunub.

Hökumətin hesabatını deputatlar qarşısında Baş nazir Əli Əsədov təqdim edib.

Hesabat təqdim olunandan sonra deputatların müzakirəsi başlayıb.

Azərbaycan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib ki, Azərbaycanın 65 rayon və şəhərindən 51-i dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımı almadan xərclərini öz gəlirləri hesabına maliyyələşdirib.

Sənəddə göstərilir ki, 2022-ci ildə rayon və şəhərlərin yerli gəlir və xərclərini tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən 32,1 milyon manat dotasiya ayrılıb.

Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin  2022-ci ildəki fəaliyyəti barədə hesabatı təqdim edərkən deyib ki, Rusiya-Ukrayna müharibəsi dünyanın ərzaq bazarında görünməmiş şok yaradıb.

Baş nazir bildirib ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi Prezident tərəfindən hökumət qarşısında strateji vəzifə kimi qoyulub. 

Əli Əsədov qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq, Azərbaycanda iqtisadi artım davam edib: “2022-ci ildə ölkədə 133,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, il ictimai həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb. Hazırda strateji valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dolları təşkil edir”, - deyə o əlavə edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatında bu barədə bildirilib ki, 2022-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin apardığı araşdırmalar üzrə əsassız göndərişlər əsasında təyinat aparılmış 491 nəfərin əlillik təyinatı ləğv edilib. Həmin şəxslərə ödənilən aylıq pensiya, müavinət və təqaüdlər üzrə ödənişlər dayandırılıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin hesabatı Milli Məclisdə təqdim olunur. Hesabatı Baş nazir Əli Əsədov deputatların diqqətinə çatdırır.

Bənzər yazılar

0.13942980766296