Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdi, 16 yaşlı Dəniz Səttarlı tam təqaüdlə dünyanın ən yaxşı universitetlərindən sayılan Amerikanın Massaçusets Texnologiya İnstitutuna qəbul olunub.
Azərbaycanda ilkə imza atan gənc qız Bizim.Media-ya müsahibəsində uğurunun sirrini bölüşüb:
- Dəniz, əvvəlcə səni yaxından tanıyaq...
- Mən Dəniz Səttarlı Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin 11-ci sinif şagirdiyəm. Dünən dünya reytində birinci yerdə olan ABŞ-nin Massaçusets Texnologiya İnstitutuna qəbul olmuşam. Əslən Masallıdanam, Bakıda yaşayırıq. Ailədə 3 uşağıq, məndən kiçik qardaşım və bacım var. Atam peşə olaraq mühəndisdir, tərcüməçi kimi çalışır. Anam isə coğrafiya müəllimidir.
- Hədəfin bu universitetə qəbul olmaq idi, yoxsa?
- Arzum dünya reytinqində ilk əllilikdə yerləşən universitetlərindən birinə qəbul olmaq idi. Çünki MTİ-yə qəbul olmaq həm də bir şans işi idi. Qarşıma sırf MTİ-yə qəbul olmaq kimi bir hədəf qoymamışdım. Şükürlər olsun ki, hədəfimin ən yüksək mərtəbəsinə çatdım. Kimya mühəndisliyi üzrə magistratura və doktorantura dərəcələri alıb təhsilimi tamamlamaq istəyirəm. Məqsədim təhsilimi ən yaxşı səviyyədə bitirib, qazanacağım uğurlarla ölkəmin adını yüksəklərə qaldırmaqdır.
- Dünyanın ən yaxşı universitetlərindən birinə qəbul olunduğunu eşidəndə hansı hislər keçirdin?
- İlk xəbəri eşidəndə reallıq hissini tam olaraq anlaya bilmədim. Elə bildim yuxu görürəm, ya filmə baxıram. Mükəmməl, tərifedilməz bir sevinc hissi yaşadım. Valideynlərimə deyəndə, onlar da hədsiz sevindilər və biz həmin gecə yata bilmədik. Nənəmə zəng elədim. Çünki bu xəbəri səbirsizliklə gözləyirdi. Nənəm sevinc göz yaşlarını saxlaya bilmədi.
- Bu uğura çatana qədər hansı mərhələlərdən keçdin, çətin oldumu və nələrdə axsadın? Bu yolda sənə daha çox kimlər dəstək göstərdi?
- Bu yolda ən önəmli məsələ ingilis dilidir. İngilis dilimlə çox aşağı yaşlardan atam məşğul olub. Hətta 6-cı sinifdə oxuyanda səlis danışmağımı tələb edirdi. Səlis danışmayanda daha çox çalışmağımı istəyirdi. İngilis dilini yaxşı səviyyəyə çatdırandan sonra müəyyən dil sertifikatları aldım. Təbii ki, ən əsas rolu bu məsələdə olimpiadalar oynayır.
Olimpiada həm məntiq və təfəkkürümüzü ifadə edir, həm daha çox sosiallaşmağımızı təmin edir, həm xarici ölkələrdəki olimpiadalarda iştirakımıza şərait yaradır ki, çevrəmiz genişlənir, həm də CV-nin zənginləşməsinə səbəb olur.
Dubay, Çin və Özbəkistandakı beynəlxalq olimpiadaya qatılmışam. Pandemiya səbəbindən, onlardan sadəcə Özbəkistana gedə bildim. Digər olimpiadalara onlayn şəkildə qatılmışam və Çində keçirilən olimpiadada qalib olmuşam.
- Necə oldu ki, kimya fənninə marağın artdı? Fənnin çətinliyi, bu sahəyə marağın az olması səni qorxutmadı ki?
- Riyaziyyatım aşağı siniflərdən yaxşı idi və bu da təbii ki, rol oynadı. Məncə kimya fənninə marağın az olması bu fənnə baxışın düzgün olmamasından qaynaqlanır. Çox adam kimyanı sadəcə bir tablo və reaksiyalar cədvəli olaraq düşünür. Amma kimya əzbərçilik deyil. Əslində, kimyadakı bütün reaksiyalar və araşdırmaların hamısı məntiqi izahlarla açılır. Onun məntiqi ilə dərinə enəndə bütün daşlar yerinə oturur və həqiqətən də maraqlı fənn olduğu ortaya çıxır. Doğrudan da bu fənnin arxasınca getməyə və yüksək araşdırmalar aparmağa dəyər. Bu yolda mənə dəstək olan insanlar da var. Gözəl mühiti yaratdığı üçün öncə məktəbimizin direktoru Kadir müəllimə, olimpiada sahəsində mənə dəstək olan Fuad Qarayevə və Qorxmaz Hüseynova, məni kimyada yetişdirən Vurğun və Əjdər müəllimə minnətdarlığımı bildirirəm.
- Boş zamanında məşğuliyyətin nələrdən ibarətdir?
- 9-10-cu siniflərdə imtahanlardan sonra boş zamanım qalırdı. Həmin vaxt ətraf mühitin qorunması ilə bağlı seminarlara yazılırdım. Sərbəst vaxtlarımda mütaliə edirəm və filmlərə baxıram. Dostlarımla zaman keçirirəm. Daha çox uğur hekayələri ilə bağlı filmləri izləyirəm. Bir insanın sıfırdan başlayaraq, pik nöqtəyə necə gəlməsi ilə bağlı süjetləri maraqla izləyirəm. Bu, mənə həm motivasiya verir, həm də özümə inamı artırır. Bir qədər də dram filmləri mənə maraqlı olur. Çünki həyat təkcə pozitivlərdən ibarət deyil, pis hadisələr də baş verə bilər.
- Gələcək üçün planların nədir? İş kariyerasını xaricdə qurmaq, yoxsa ölkəyə qayıdıb, burada davam etdirmək?
- Uzun müddətli planlar qurmaqda çox da yaxşı deyiləm. Əsas hədəfim təhsilimi tam şəkildə bitirməkdi. Oxuya-oxuya işləməyi də planlaşdırıram. Ölkəyə qayıdacağım və ya orada qalacağım barədə konkret fikrim yoxdur. Düşünürəm ki, onu proses və şərtlər müəyyən edəcək. İstənilən halda ən ali məqsədim ölkənin adını yüksəklərə qaldırmaqdır.
- Tələbə adını qazanmaq istəyənlərə arzun və tövsiyən nə olardı?
- Hər kəsə sözüm odur ki, ürəkli olsunlar. Risk almaqdan qorxmasınlar. Təşəbbüskar olsunlar. Bir məsələdə özümüzü sınamasaq, o şeyə nail olub olmayacağımızı bilə bilmərik. Özlərini yeni təcrübələrdə sınasınlar, özlərini inkişaf etdirsinlər və o zaman qabağa gedəcəklər.