“Biz Avropa məkanına təbii qazı iki ildən bir qədər çox zaman kəsiyində ixrac edirik və bu rəqəmlər ildən-ilə artır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.
“Rusiya-Ukrayna müharibəsindən sonra bizə Avropanın ən azı 10 ölkəsindən sifarişlər, təkliflər gəldi ki, biz o ölkələrə də qaz təchizatını təmin edək, ya da artıq qaz təchiz etdiyimiz ölkələrdə qazın həcmini artıraq. Biz keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilə qədər 20 milyard kubmetr təbii qaz Avropa məkanına çatdırmağı planlaşdırırıq. Avropada yaranmaqda olan interkonnektorlar çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bizim Avropa məkanına qaz ixracatımız bir o qədər də genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır”, - deyə dövlətimizin başçısı bildirib.
Avropada yaşıl keçidə meyillərin yüksək olduğunu qeyd edən Azərbaycan Prezidenti bildirib: “Biz uzunmüddətli kontraktlarda maraqlıyıq və ümid edirəm ki, bu məsələləri bir-birimizlə uzlaşdıra bilərik. Bizim qaz ixracatımız təkcə Avropa məkanı ilə məhdudlaşmır. Biz, eyni zamanda, bizim üçün ən böyük bazar olan Türkiyəyə və Gürcüstana da qaz ixrac edirik. Ona görə gələcəkdə qazın ixracatını Avropa məkanına çatdırmaq üçün yeni kontraktlar imzalanmalıdır”.
Hazırda Azərbaycan qazının Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırıldığını vurğulayan dövlətimizin başçısı qazın bu ildən başlayaraq Rumıniyaya çatdırılmasına başlandığını qeyd edərək deyib:
“Bu ilin sonunda Macarıstana ilk qaz təchizatını həyata keçirmək fikrindəyik. Biz hazırda Albaniya hökuməti ilə Albaniyanın qaz təchizat şəbəkəsinin yaradılması ilə bağlı və gələcəkdə Albaniyaya da qaz ixracatını təmin etmək üçün danışıqlara başlamışıq. Bizə sifariş edən ölkələr arasında, eyni zamanda, Çex Respublikası, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya və digər ölkələr var”.
“Avropa İttifaqı-Azərbaycan əlaqələri istiqamətində çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bizim niyyətimizi göstərir. Memorandumun sürətlə və vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.